15 İyun – Milli Qurtuluş günü münasibətilə Azərbaycan Tibb Universitetində ulu öndər, ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb. ATU-nun rektoru, professor Gəray Gəraybəyli başda olmaqla ali məktəbin rəhbər şəxsləri 5 saylı tədris binasında Ulu Öndər Heydər Əliyevin büstü qarşısına əklil və gül dəstələri düzərək onun xatirəsini ehtiramla yad ediblər.
ATU-nun rektoru professor Gəray Gəraybəyli 15 İyun tariini xalqımızın gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsasının qoyulduğu gün kimi qiymətləndirir. Onun fikrincə, tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Rektor G.Gəraybəyli 1993-cü ilin iyun ayının 15-də Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişinin Azərbaycan səhiyyəsi qarşısında yeni perspektivlərin açılmasına sərait yaratdığını qeyd edir:
“Heydər Əliyevin rəhbərliyi dövründə XX əsrin sonları, XXI əsrin əvvəllərində respublikanın bütün bölgələrində yeni tibb müəssisələrinin maddi-texniki bazası yaxstlaşdırıldı, V.Axundov adına Elmi-Tədqiqat Tibbi-Profilaktika Institutunda Yoluxucu Xəstəliklər Xəstəxanasının, Nüvə-maqnit Rezonans Mərkəzinin, Mərkəzi Klinik Xəstəxananın, Azərbaycan Tibb Universitetinin yeni tədris binasının, unikal akt zalının və bir sıra digər tibb obyektlərinin açılışı oldu.
Ulu öndərin tibb elminə, tibb təhsili sisteminə göstərdiyi qayğı sayəsində 1996-cı ildə Azərbaycan Tibb Universiteti Amerika və Avropa Təhsil Birliyinin beynəlxalq reyestrinə daxil edildi, bunun da sayəsində ölkəmizin dövlət xətti üzrə yeganə ali tibb təhsili ilə məşğul olan tədris ocağının beynəlxalq əlaqələri daha da genişləndirildi, xarici ölkələrin ali tibb müəssisələri ilə tələbə mübadiləsi aparılması lazımi səviyyəyə çatdırıldı. Tibb alimlərinə, həkimlərə, bütün səhiyyə işçilərinə xüsusi qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu dövrdə iki dəfə - 1998 və 2000-ci illərdə Azərbaycan Tibb Universitetində oldu, hər dəfə də ali tədris ocağında geniş nitq söylǝyǝrǝk həm tələbələrə, həm professor-müəllim heyətinə, həm də bütövlükdə bütün səhiyyə işçilərinə dəyərli tövsiyələrini verdi.
Azərbaycan Tibb Universitetinin Hərbi-tibb fakültəsi ümummilli lider Heydər Əliyevin 25 may 425 saylı 2000-ci il tarixli Fərmanına uyğun olaraq, hərbi tibb kadrlarının hazırlığı məqsədilə təsis edilib. Və 44 günlük Vətən müharibəsində qazandığımız şərəfli qələbə bu addımın müdrikliyini bir şaha bizlərə sübut etmiş oldu.
Müstəqillik dövrü təqviminə 15 iyun milli qurtuluş günü kimi daxil olmuş bayram Azərbaycan xalqının çağdaş ictimai-siyasi həyatında və ümummilli taleyində ən önəmli və unudulmaz tarixlərdən biridir. İllər ötsə də, ulu öndər Heydər Əliyevin dahi siyasətçi kimi əziz xatirəsi daim könüllərimizdə yaşayacaq”.