Yeni tədris ilində Elmi Şuranın ilk iclası keçirilib
Dünən Azərbaycan Tibb Universitetində 2014/15-ci tədris ilində Elmi Şuranın ilk toplantısı keçirildi. Toplantıda ATU rektoru, akademik Əhliman Əmiraslanov, Səhiyyə Nazirliyinin, YAP-ın Nəsimi rayon təşkilatının, Nəsimi rayon İcra Hakimiyyətinin təmsilçiləri, həmçinin universitetin professor-müəllim heyəti iştirak edirdi.
İclasın əvvəlində iştirakçılar Tibb Universitetinin tədris işləri üzrə prorektoru, əməkdar müəllim Sabir Əliyevi 70 illik münasibətilə təbrik etdilər. S.Əliyevin müstəqil dövlətçiliyimizin qurulmasında xüsusi rolu olduğunu qeyd olundu. Nəsimi rayon İcra hakimiyyət başçısının müavini Gülnarə Verdiyeva yubilyarı təbrik edərək ona hədiyyələr təqdim etdi.
Daha sonra Elmi Şurada cari məsələlər müzakirəyə çıxarıldı və əsasən rezidentura ilə bağlı görülən işlər haqqında çıxışlar dinlənildi. ATU-nun rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov rezidentlərin fəaliyyəti, əldə etdikləri nailiyyətlər, həmçinin mövcud problemlər haqqında məruzə səsləndirdi. Daha sonra ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri Nuru Bayramov, Tədris Terapevtik Klinikanın müdiri Surxay Musayev, Tədris Cərrahiyyə Klinikasının müdiri Hacıqulu Bağırov, ATU-nun psixiatriya kafedrasının müdiri Gəray Gəraybəyli və revmatoloq Sahib Musayev də ATU-da rezidenturanın durumu ilə bağlı fikirlərini bildirdilər.
İclasın sonunda Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov, Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva rezidentura təhsilinin təşkili və görülmüş işlər barədə çıxış etdilər. Rezidentura vasitəsilə yüksək ixtisaslı həkim mütəxəssislərin hazırlanmasında ATU kollektivinin qarşısında duran vəzifələrdən söz salındı, görülən işlər məqbul qiymətləndırildi. Həmçinin, rezidentlərin daha yaxşı nəticələr göstərməsi üçün təklif və iradlar səsləndirildi.