Tanınmış əczaçı alimin yubiley tədbiri keçirilib

ATU-nun Elmi Tədqiqat Mərkəzinin Farmakologiya şöbəsinin müdiri, professor Ramiz Axundovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. ETM-də baş tutan tədbiri giriş sözü ilə açan universitetin Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov yubilyarın farmakologiya sahəsində əldə etdiyi uğurlardan danışıb.

Qeyd edib ki, bu nailiyyətlər həm səhiyyəmizə, həm də universitetimizin kafedralarında çalışan müəllimlərə və təhsil alan tələbələrə öz töhfəsini verib. Həyatının böyük bir qismini elmin inkişafına həsr edən zəhmətkeş alimin gənclərlə apardığı işi də yüksək qiymətləndirən prorektor, eyni zamanda onu ailə dəyərlərinə daim sadiq qalan nümunəvi ailə başçısı kimi səciyyələndirib. O, universitetin rektoru, professor Gəray Gəraybəylinin təbrikini yubilyara çatdıraraq, əczaçı alimə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bundan sonra R.Axundovun mənalı ömür yoluna işıq salan videoçarx nümayiş etdirilib.

Daha sonra Elmi Tədqiqat Mərkəzinin direktoru, professor Qalib Qarayev çıxış edərək, çalışdığı kollektivin dərin rəğbətini qazanan, üzərinə alimlik məsuliyyəti ilə yanaşı, bir ağsaqqallıq missiyası da düşən Ramiz müəllimin müsbət fərdi keyfiyyətlərini qabardıb. Son illərdə onun təşəbbüsü ilə orta məktəb şagirdləri arasında “Sabahın Alimi” layihəsinin uğurla həyat keçdiyini də vurğulayıb.

Dosentlər Taryel Eyvazov, Şimit Qasımov və Vidadi Xəlilov da iş yoldaşları, yubilyar haqqında xatirələrini bölüşüblər. Çıxışlar zamanı R.Axundovun şəxsiyyətində xeyirxahlıq, peşəsinə sonsuz sədaqət, yetirmələrinə qayğıkeş münasibət kimi keyfiyyətlərin cəmləndiyi diqqətə çatdırılıb.

ATU-nun kafedra müdirləri, professorlar Musa Qəniyev, Eldar Qarayev, İbadulla Ağayev, İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, İctimai səhiyyə fakültəsi üzrə həmkarlar komitəsinin sədri Səidə Hacıyeva tanınmış alimin şərəfli ömür yolundan, əhatəli elmi yaradıcılığından, farmakologiyanın inkişafındakı xidmətlərindən bəhs ediblər.

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Cərrahiyyə şöbəsinin rəhbəri, professor Qurbanxan Müslümov alimin tələbələri adından çıxış edib. O, professor R.Axundovun tədqiqatlarının əhəmiyyətindən, Azərbaycanda yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərindən danışaraq, yubilyarı təbrik edib.

Tədbirin sonunda ona təqdim olunan fəxri diplomu və hədiyyələri qəbul edən yubilyar göstərilən diqqətə görə doğma kollektivə və bütün iştirakçılara təşəkkürünü bildirib.

Müəllimlərini həmişə ehtiramla xatırladığını söyləyən professor R.Axundov, bu gün eşitdiyi səmimi, xoş sözlərdən sonra özünün də unudulmayacağına bir daha əmin olduğunu deyib.