İyunun 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında Birinci Beynəlxalq Tibbi Forumun açılış tədbiri keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov forumun açılışında iştirak edib.
Əvvəlcə Ali Məclisin sədri Vasif Talıbov, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev, Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyinin fəxri sədri Cavid Avcı, Türkiyənin Yeditəpə Universitetinin rektoru Canan Aykut Bingöl, Qaradəniz Texniki Universitetinin rektoru Hamdullah Çuvalcı və forum iştirakçıları əczaçılıq məhsullarının və tibbi avadanlıqların sərgisinə baxıblar. Bildirilib ki, foruma 20-dən artıq tədris və tibbi ləvazimat, dərman və qida məhsulları istehsalı və satışı həyata keçirən şirkət qatılıb.
Tədbirdə çıxış edən V.Talıbov forumun iştirakçılarını qədim Azərbaycan torpağı Naxçıvanda salamlayaraq, bildirib ki, sağlam cəmiyyətin formalaşmasında səhiyyənin mühüm rolu var: “Ona görədir ki, tarixən tibb elminə, həkimlik sənətinə qayğı insanlığa qayğı kimi dəyərləndirilib. Müasir dövrdə də ölkələrin inkişafında əhalinin sağlamlıq səviyyəsi və tibbi xidmətlə təminat əsas göstərici hesab olunur. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu məsələni diqqətdə saxlayıb, Azərbaycanda səhiyyə quruculuğu geniş vüsət alıb. Ulu öndərin əsasını qoyduğu səhiyyə islahatları ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Ali Məclisin sədri deyib ki, Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi islahatların başlıca istiqamətidir. Müstəqillik illərində muxtar respublikada 200-dən artıq səhiyyə müəssisəsi tikilib, ən son tibbi avadanlıqlar quraşdırılıb. Müasir tələblər səviyyəsində qurulan xəstəxanalar muxtar respublika səhiyyəsini yeni inkişaf mərhələsinə çıxarıb. Hazırda Naxçıvanda 28 muxtar respublika, şəhər, rayon, qəsəbə və kənd sahə xəstəxanası, mərkəz və dispanser, birlik, eləcə də 85 həkim ambulatoriyası, 94 feldşer-mama və tibb məntəqəsi vasitəsilə əhaliyə hərtərəfli tibbi xidmət göstərilir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin də fəaliyyəti təmin edilib. Bütün bunların nəticəsidir ki, muxtar respublikada insan sağlamlığının başlıca şərti olan sanitar-epidemioloji vəziyyət sabitdir.
“Səhiyyənin inkişafı müasir infrastruktur təminatı ilə yanaşı, həm də ixtisaslı kadr hazırlığından başlayır”, - deyən V.Talıbov bildirib ki, muxtar respublikada bu iş paralel şəkildə həyata keçirilir, orta ixtisas və ali təhsilli tibbi kadr hazırlığına böyük əhəmiyyət verilir. 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin fəaliyyətə başlaması və ötən dövrdə keçdiyi böyük yol muxtar respublikada ixtisaslı həkim hazırlığı sahəsində mühüm mərhələdir. Naxçıvanda icbari tibbi sığortaya keçid də əhalinin keyfiyyətli tibbi xidmətlərlə təminatına töhfə verib, bütün yaşayış məntəqələrində bu proses uğurla başa çatdırılıb.
Ali Məclisin sədri Birinci Beynəlxalq Tibbi Forumun dünyanın mötəbər universitetlərini təmsil edən tanınmış həkim və mütəxəssislər arasında birgə elmi tədqiqatların və fikir mübadiləsinin aparılmasında faydalı olacağına inamını ifadə edib, forumun işinə uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək deyib ki, tibbi forumun muxtar respublikada keçirilməsi uzun illər ərzində qurulan müasir səhiyyə infrastrukturu və tibb təhsilinin keçdiyi dinamik inkişaf yolunun uğurlu yekunu kimi yüksək əhəmiyyətə malikdir. Bu müddətdə NDU-da təhsil və elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilib. Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə universitetin dünyanın ən yaxşı ali məktəbləri sırasında yer alması qürurverici nailiyyətdir. 25 tələbə ilə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində hazırda 1284 tələbə təhsil alır. Bildirilib ki, dünyanın 7 ölkəsindən 350-dən artıq elm adamının qatıldığı forumda 700-dən çox iştirakçı təmsil olunur. Azərbaycan Tibb Universitetinin və xaricdən gələn həkim-mütəxəssislərin iştirakı ilə xəstələrin konsultativ müayinə, əməliyyat və müalicələrinin keçirilməsi planlaşdırılıb.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib ki, qalib xalqın nümayəndələri kimi ulu öndər Heydər Əliyevin vətəni Naxçıvanda unikal tərkibə malik forumda iştirak etmək qürurvericidir. Bir əsrə yaxın yaşı olan ATU-nun inkişafında, maddi-texniki bazanın qurulmasında, yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında ümummilli liderin rolu danılmazdır. Bu gün ulu öndərin siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Universitetimizin kafedra və bölmələrinin müasir avadanlıqlarla təchiz edilməsi ali tibb təhsilinə ölkə prezidentinin qayğısının bariz nümunəsidir. Hazırda ATU bölgəmizin qabaqcıl tədris müəssisələrindən biridir. Universitetimiz dünyanın 20 ölkəsindən 80-ə yaxın elm və təhsil qurumları ilə hərtərəfli əməkdaşlıq edir. Həmçinin Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb”. Rektor qeyd edib ki, forum iştirakçıları və mövzuların müxtəlifliyi təbabətin aktual problemlərinin həlli yolunda yüksək səviyyədə müzakirələrin aparılmasına imkan yaradacaq.
Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev çıxış edərək bildirib ki, səhiyyə sistemində islahatlar ölkəmizin stabil və sosial infrastrukturunun inkişafının qlobal strateji proqramının tərkib hissəsidir. Bu tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən başladılıb, onun təşəbbüsü ilə Azərbaycanın bütün bölgələrində tibb müəssisələri, xəstəxanalar tikilib istifadəyə verilib. Ulu öndər milli tibbi kadrların hazırlanmasına da böyük önəm verirdi. Onun təşəbbüsü ilə həkimlərin Avropada, Amerikada, Rusiyada, Türkiyədə hazırlanması üzrə dövlət proqramı işlənib. Bu siyasəti ölkə prezidenti İlham Əliyev uğurla davam etdirir.
Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyinin fəxri sədri Cavid Avcı təmsil etdiyi dərnəyin fəaliyyəti barədə danışıb, beynəlxalq səviyyədə həyata keçirdikləri layihələrdən bəhs edib. Qeyd olunub ki, Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyi 20 ildən artıqdır Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq edir.
Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Assosiasiyasının sədri Müşviq Həsənov forumun keçirilməsində məqsədin Azərbaycanın tibb alimləri, həkim-mütəxəssisləri ilə Türkiyə, Özbəkistan, Qazaxıstan, İran və Almaniyadan olan elm adamları arasında fikir mübadiləsinə şərait yaratmaq və birgə müzakirələr aparmaqdan ibarət olduğunu bildirib. Qeyd olunub ki, forumda gələcəkdə həkim olmaq arzusunda olan şagird və tələbələr də iştirak edir ki, bu da kadr hazırlığına mühüm töhfədir.
Yeditəpə Universitetinin rektoru Canan Aykut Bingöl, Qaradəniz Texniki Universitetinin rektoru Hamdullah Çuvalcı və digər çıxış edənlər forumun əhəmiyyətini vurğulayıblar.
Sonra Naxçıvanın tanıtım videoçarxı nümayiş olunub.
Forum bədii hissə ilə davam edib, Xalq artistləri Mənsum İbrahimov və Samir Cəfərov, Əməkdar artist Nuriyyə Hüseynova və Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin ifasında konsert proqramı təqdim edilib.
Həmin gün forum iştirakçıları üçün qala gecəsi təşkil olunub.
Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində olmaqla 3 dildə keçirilən forum Azərbaycan tibb tarixində ilk belə tədbirdir.