ATU-nun kafedra müdiri Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

 

ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev iyunun 7-dən 10-dək Türkiyə Cümhuriyyətinin Niğde şəhərində keçirilən IX Beynəlxalq türk dünyası araşdırmaları simpoziumunda iştirak edib.

O, “Türkiyə və Azərbaycanda narkotiklərlə mübarizə haqqında” adlı məruzəsində göstərib ki, narkotik maddələrdən ilk istifadə 4 min il əvvələ təsadüf edir və bu günümüzdə də yayılmaqdadır: “Bu gün dünyada, o cümlədən Türkiyə və Azərbaycanda bu bəlanın qarşısını almaq məqsədilə tədbirlər həyata keçirilir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının ərazisinin 20 faizi ermənilərin işğalı altında olduğu zamanlarda nəzarətdən kənarda qalan bu bölgədə narkomaniya tüğyan edirdi. Onlar narkotiklərin satışından böyük vəsait qazanırdılar. İşğal dövründə bu bölgə həm də narkotik maddələrin trafiki rolunu oynayırdı.

Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Beləliklə də torpaqlarımızda narkotik becərilməsinə, istehsalına, satışına və dövriyyəsinə birdəfəlik son qoyuldu, bölgədə quruculuq işləri başladı”.

Q.Əliyev çıxışında Türkiyə və Azərbaycanda tarixilik baxımından bu problemin araşdırılması, günümüzdə “ağ ölüm” mənzərəsi və ona qarşı mübarizənin əhəmiyyətini dəyərləndirib. Qeyd edib ki, başqa dövlətlərlə müqayisədə Türkiyə və Azərbaycanda narkotik maddələr problemi yüksək səviyyədə olmasa da, bu sahədə hər iki ölkə geniş tədbirlər planı həyata keçirir, qanunvericiliyin təkmilləşdirilməsinə diqqəti artırırlar.

Professorun simpoziumdakı məruzəsi bəyənilib və Niğde Universitetinin rektoru, professor dr. Hasan Uslu tərəfindən ona sertifikat verilib. Sonra Qoşqar Əliyev bölümün rəhbəri kimi iclası aparıb, məruzəçilərə sertifikatlar təqdim edib.