Türkiyənin Qazi Universitetinin nümayəndə heyətinin Azərbaycan Tibb Universitetinə işgüzar səfəri baş tutub. Səfər zamanı nümayəndə heyəti üzvlərinin ATU-nun və Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi ilə görüşləri keçirilib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüş zamanı qarşılıqlı əməkdaşlığa dair əsas məsələlər, o cümlədən yeni açılan “Tibb bacısı işi” və “Fizioterapiya və tibbi reabilitasiya” ixtisasları üzrə ikili diplom proqramların müzakirələri aparılıb. Rektor professor G.Gəraybəyli artıq iki universitet arasında mövcud olan layihələr, onlayn dərslərin uğurlu olması, qarşıya qoyulan hədəflər və planlar barədə fikirlərini bölüşüb. Qazi Universitetinin sağlıq bilimləri fakültəsinin dekanı, Professor Dr. Bülent Elbasan ATU ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək birgə proqramlaın sayının və əhatəsinin genişlənməsinin vacibliyini vurğulayıb.
Nümayəndə heyəti üzvləri ATU-nun Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi ilə də görüşüblər. Sonra klinikada Qazi Universitetinin mütəxəssisləri tərəfindən keçirilən tədbirdə “Tibb bacısı işi”, “Fizioterapiya və tibbi reabilitasiya” ixtisasları üzrə təqdimat baş tutub. Türkiyəli qonaqlar Klinikada adıçəkilən yeni ixtisasların tədrisi ilə bağlı yaradılan şəraitlə tanış olublar, yeni yaradılan şöbələrin işini yüksək qiymətləndiriblər. Qeyd edək ki, nümayəndələr həmçinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda olublar,ordaki şəraitlə tanış olublar.