Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində işgüzar səfərdə olub. Səfər zamanı Azərbaycanın bu ölkədəki səfirliyində, Budapeşt Semmelveis Universitetində və həmin ali məktəbin tədris klinikalarında rəsmi görüşlər keçirilib.
Səfər çərçivəsində Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli və tərbiyə işləri üzrə prorektor, dosent Zülfüqar Musabəyov Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadənin qəbulunda olublar. Görüş zamanı 30 il ərzində Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin yüksələn xətlə inkişaf etdiyi və artıq strateji tərəfdaşlıq səviyyəsinə çatdığı vurğulanıb. İkitərəfli və çoxtərəfli əsasda sıx əməkdaşlıq edən Azərbaycan və Macarıstanın təhsil və səhiyyə sahəsindəki əlaqələrindən də söz açılıb.
Səfər zamanı Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli və təlim-tərbiyə işləri üzrə prorektor Zülfüqar Musabəyov Budapeşt Semmelveis Universitetində qonaq olublar. Semmelveis Universitetinin rektoru Bela Merkely ilə görüşdə iki universitet arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, müştərək layihələr, qarşıdakı müddət üçün birgə layihələrə dair planlar müzakirə olunub.
Sonra ATU-nun nümayəndə heyəti Semmelveis Universitetinin departament müdiri Attila Szijarto, beynəlxalq əlaqələr üzrə direktor Marsel Popun müşayiəti ilə ali məktəbin iclas zalı, mühazirə otaqları ilə tanış olub.
ATU-nun rektoru, professor G.Gəraybəyli universitetin və klinikanın qonaq kitabına ürək sözlərini yazıb.
ATU-nun rəhbər nümayəndələri həmçinin Semmelveis Universitetinin Psixiatriya Klinikasını da ziyarət ediblər. Mərkəzin direktoru Janos Rethelyi burada dünyanın hər yerindən olan tələblərin tədrisi üçün yaradılan şəraitlə qonaqları tanış edib, klinikanın fəaliyyəti haqqında onlara ətraflı məlumat verib. Professor G.Gəraybəyli və dosent Z.Musabəyov klinikanın mühazirə zalları, tədris əməliyyatxanalarını da ziyarət ediblər.
Qeyd edək ki, ATU ilə Semmelveis Universitetində 2016-ci ildə əməkdaşlığa dair anlaşma memorandum imzalanıb.