İyunun 24-də ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasında 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bundan sonra kafedranın müdiri, professor Həqiqət Qədirova çıxış edərək, igid hərbçilərimizin Vətən müharibəsində bizə xüsusi qələbə ovqatı, qürur hissi yaşatdıqlarını vurğulayıb. Bu möhtəşəm qələbənin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər ordumuzun rəşadəti sayəsində mümkün olduğunu deyib.
Tədbirə qonaq kimi dəvət olunan Qarabağ qazisi, tibb xidməti mayoru, Hərbi tibb fakültəsinin əməkdaşı Hamlet Hüseynov bu əlamətdar günün tarixi keçmişə söykəndiyini, 104 il bundan qabaq ilk Azərbaycan diviziyasının yaradılması ilə milli ordumuzun əsasının qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, son iki ildə bu tarixi günü xüsusi təmtəraqla qeyd edirik: “Nəinki ölkə daxilində, ölkə xaricində də qalib bir ölkənin vətəndaşları olduğumuzu qürurla söyləyirik. Onu da unutmuruq ki, qələbəmiz şəhidlərimizin, hərbiçilərimizin qanı-canı hesabına başa gəlib”.
O, tarixi qələbəmizin qazanılmasında tibb işçilərinin, Hərbi tibb fakültəsinin məzunlarının xüsusi fədakarlığından da söz açıb. Xatırladıb ki, yaralını döyüş meydanından çıxarmaq həkimin deyil, sanitar təlimatçının işidir: “Amma döyüş meydanında olan bir həkim kimi deyə bilərəm ki, ordada hamı birləşmişdi. Vəzifəsindən asılı olmayaraq hər kəs daha artığını etməyə can atırdı. Yaralananlar döyüşdən çıxmaq istəmirdi. Bunun necə bir hiss olduğunu mən özüm yaralanandan sonra anladım. Biz 44 gün ərzində böyük qalibiyyət sevinci yaşadıq. Son 200 ildə ilk dəfə idi ki, işğal olunmuş tarixi torpaqlarımızı özümüzə qaytardıq”.
Kafedranın əməkdaşları – qazi anası, professor Gülər Seyidova, dosentlər Səidə Zeynalova, Mətanət Novruzova və baş müəllim Səidə Hacıyeva da Azərbaycan ordusunun dünyanın ən güclü orduları arasında yer almasından və Vətən müharibəsindəki parlaq Qələbəmizdən fəxarətlə danışıblar.
Tədbirin sonunda “Görünməyən qəhrəmanlar. Hərbi həkimlər” sənədli filmi nümayiş etdirilib.