Buraxılış Dövlət İmtahanları yüksək səviyyədə keçirilib

Professor Gəray Gəraybəyli: Universitet üzrə ümumi göstəricilər qənaətbəxşdir, komissiya üzvləri və tələbələrimiz yekun nəticələrdən razı qalıblar

 

İyunun 28-də Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının 2021/2022-ci tədris ilində sonuncu iclası keçirilib. Tədbiri giriş nitqi ilə açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, bu tədris ili üzrə Dövlət Attestasiya Komissiyası artıq öz işini başa çatdırıb. Buraxılış Dövlət İmtahanları Əsasnaməyə uyğun olaraq keçirilib və nəzərdə tutulan qaydalara tam əməl edilib. Səhiyyə nazirinin təsdiq etdiyi əmrə əsasən, Dövlət Attestasiya Komissiyasının fakültələr üzrə sədrləri və üzvləri Buraxılış Dövlət İmtahanları zamanı apardıqları işin nəticələri haqqında hesabat vermək üçün Böyük Elmi Şuranın iclasına dəvət olunublar.

Bundan sonra komissiyanın fakültələr üzrə sədrlərinin hesabatları dinlənilib və gənc mütəxəssislərin hazırlanması işinin yaxşılaşdırılmasında universitet kollektivinin vəzifələri müzakirə olunub.

Dövlət Attestasiya Komissiyasının I Müalicə-profilaktika fakültəsi üzrə sədri - Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun dirеktoru, t.е.d., professor Cəmilə Qurbanova, II Müalicə-profilaktika fakültəsi üzrə sədr - Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, t.е.d. Fuad Quliyev, Stomatologiya fakültəsi üzrə sədr - Ə.Əliyеv аdınа Аzərbаycаn Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomаtologiyа və üz-çənə cərrаhiyyəsi kаfеdrаsının dosenti, t.ü.f.d. Lalə Quliyeva, İctimai səhiyyə fakültəsi üzrə sədr - V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun İnsan helmintozları və bağırsaq protozoozları laboratoriyasının müdiri, t.ü.e.d. Akif Salehov, Əczaçılıq fakültəsində bakalavr mərhələsi üzrə sədr - Səhiyyə Nazirliyinin Respublika Diaqnostika Mərkəzinin Təchizat şöbəsinin baş mütəxəssisi, b.ü.f.d. Rüstəm Rüstəmbəyov hesabat məruzəsi ilə çıxış ediblər. Bundan başqa, Hərbi tibb fakültəsi üzrə sədr - Müdafiə Nazirliyi Kadrlar idarəsinin rəisi, gеnеrаl-mayor Elçin Xəlilov üzrlü səbəbdən iclasda iştirak edə bilmədiyi üçün nazirliyin Hərbi təhsil idarəsinin Tədris şöbəsinin rəisi, polkovnik Haqverdi Haqverdiyev Buraxılış Dövlət İmtahanları haqqında ətraflı məlumat verib.

Fakültələr üzrə sədrlər hesabat məruzələrində qeyd ediblər ki, bir sıra ixtisaslar üzrə Əczaçılıq fakültəsində buraxılış işinin müdafiəsi, I və II Müalicə-profilaktika, İctimai səhiyyə, Stomаtologiyа və Hərbi tibb fakültələrində Yekun Dövlət Attestasiyası mövcud Əsasnaməyə uyğun olaraq problemsiz və şəffaf şəkildə aparılıb.

Bildirilib ki, bu il buraxılış imtahanları yüksək səviyyədə baş tutub və tələbələr obyektivlik şəraitində yüksək bilik nümayiş etdiriblər. İmtahanlar üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə, şəxsən professor Gəray Gəraybəyliyə minnətdarlıq edən çıxışçılar, eyni zamanda fakültə dekanlarının da prosesdəki fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar imtahanlar zamanı heç bir narazılığın baş vermədiyini diqqətə çatdırıblar və gələcəkdə imtahanların daha da mütəşəkkil keçirilməsi üçün öz təklif və rəylərini dilə gətiriblər.

Hesabat çıxışlarına yekun vuran universitetin rektoru, professor Gəray Gəraybəyli fakültələr üzrə sədrlərə imtahanları uğurla başa çatdırdıqları üçün təşəkkür edib: “Həqiqətən də builki Buraxılış Dövlət İmtahanları yüksək səviyyədə keçirildi. Universitet üzrə ümumi göstəricilər qənaətbəxşdir. Tələbələrin istər praktiki, istərsə də nəzəri hazırlıqları yaxşı idi. Məhz bunun nəticəsidir ki, imtahan zamanı elə bir neqativ və xoşagəlməz hal baş verməyib. Həm imtahan komissiya üzvləri, həm də tələbələrimiz yekun nəticələrdən razı qalıblar. Burada sədrlər öz çıxışlarında bir sıra təkliflər səsləndirdilər. Bildiyiniz kimi, bizdə hər il tədris işinin müasir standartlara uyğun yenilənməsi istiqamətində islahatlar aparılır. Çalışacağıq ki, növbəti illərdə də qarşıda duran həlli vacib məsələləri həyata keçirək. Bu zaman irəli sürülmüş təkliflər də nəzərə alınacaq”.

Bundan sonra universitetin Tədris hissə müdiri, dosent Kamandar Yaqubovun təqdim etdiyi 2022/2023-cü tədris ili üzrə tədris planı və ATU-nun Elmi katibi, professor Nazim Pənahovun 2022/2023-cü il üzrə təqdim etdiyi iş planı toplantı iştirakçılarının diqqətinə çatdırılıb və hər iki plan Şura üzvləri tərəfindən təsdiqlənib.

Toplantıda daha sonra müxtəlif məsələlərin müzakirəsinə başlanılıb. 2022/2023-cü tədris ilindən etibarən “Ümumi və toksikoloji kimya” kafedrasının adının dəyişdirilərək, “Əczaçılıq toksikologiyası və kimya” adlandırılması şura üzvləri tərəfindən səsə qoyularaq təsdiq olunub. Bundan başqa, t.e.d, professor Amaliya Əyyubovanın II Uşaq xəstəlikləri kafedrasının, t.e.d, professor Nərgiz Hüseynovanın isə Yoluxucu xəstəliklər kafedrasının məsləhətçi-professoru vəzifəsinə təyin edilməsinə razılıq verən Elmi Şura, Ümumi və toksikoloji kimya kafedrasının məsləhətçi-professoru, ə.e.d. Qayıbverdi İskəndərovun yenidən həmin vəzifəyə seçilməsini təsdiqləyib. Şura üzvləri Epidemiologiya kafedrasının əyani doktorantları Rzayev Rauf Sarif oğlu və Babaxanov İsbi Salman oğlunun müraciətlərinə də münasibət bildirib və onların təhsillərini qiyabi davam etdirmələrinə səs verib. 

Sonda universitetin kollektivinə mənalı istirahət arzulayan professor G.Gəraybəyli bildirib ki, bu iclas Elmi Şuranın 2021/2022-ci tədris ilində son iclası olmaqla yanaşı, həm də son toplantısıdır. Çünki indiki Şura üzvlərinin beş illik müddəti başa çatır. Yeni tədris ilində həm Böyük Elmi Şuranın, həm də fakültə elmi şuralarının yeni tərkibi seçiləcək.

Dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin nəşrini təsdiqləyən Böyük Elmi Şura öz işini başa çatdırıb.