Ülkər Cəfərova: Kafedralar tərəfindən test bankı üçün suallar bu dəfə daha keyfiyyətli hazırlanmışdı
İyulun 8-də Azərbaycan Tibb Universitetində 2021/2022-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başa çatıb. İmtahanların gedişi ilə bağlı məlumat əldə etmək üçün ATU-nun İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova ilə əlaqə saxladıq.
Onun bildirdiyinə görə, cədvələ uyğun olaraq yay imtahan sessiyasına iyunun 1-dən start verilib: “İyulun 4-də başa çatmalı olsa da, üzrlü səbəblərdən imtahanda iştirak etməyənlər və ya akademik borcu olanlar var idi. Ona görə də iyulun 6-dan 8-dək əlavə imtahanlar təşkil etməli olduq. İyunun 3-dən etibarən isə paralel olaraq, buraxılış kurslarda təkrar dinləmələr keçirildi. Eyni zamanda sessiya müddətində magistrlərdən beş ixtisası birləşdirən bir fənn imtahanı götürdük. Universitet həyatında ilk dəfə idi ki, belə bir formatda imtahan təşkil olunurdu.
Qeyd edim ki, istifadə etdiyimiz proqram Elektron Tədris Sisteminə daxil edilib, bütün bakalavrları əhatə edir. Tələbənin davamiyyəti, elektron jurnal, o cümlədən nəticələr də birbaşa sistemə daxil edilib. Bütün imtahanlarımız isə www.amu.edu.az portalı üzərindən aparılıb”.
Ü.Cəfərova ümumən sessiyanı qənaətbəxş hesab etdiyini dedi. Bildirdi ki, sessiya dönəmində heç bir texniki problem yaşanmayıb: “Ötən semestrlərdən fərqli olaraq, bu semestr kafedralar tərəfindən test bankı üçün suallar daha keyfiyyətli şəkildə hazırlanmışdı. Nəzarətçilər isə zallara ciddi şəkildə nəzarət edirdi. Məhz onların ayıqlığı nəticəsində ciddi qayda pozuntusu aşkarlandı. Belə ki, II Müalicə-profilaktika fakültəsinin bir tələbəsinin digərinin yerinə imtahan verdiyi müəyyən olundu. Tərəfimizdən hər iki tələbə imtahan zalından uzaqlaşdırıldı, bu barədə universitet rəhbərliyinə məlumat verildi və onlar barədə təqdimat yazıldı. Təbii ki, rəhbərlik tərəfindən həmin tələbələr barədə müvafiq ölçü götürüldü. Odur ki, tələbələri gələcəkdə bu cür pozuntulara yol verməməyə səsləyir, imtahanlarda yalnız öz bilik və bacarıqlarına güvənməyi tövsiyə edirəm”.