Müharibənin yaralarını sağaldanlar
Oktay Mehtiyev: Azərbaycan Könüllü Həkimlər Assosiasiyası bu gün də şəhid ailələri və qazilərin xidmətindədir
Müharibə çoxdan bitsə də, hələ yaraları tam sağalmayıb. Sağalmayan yaraların isə həmişə şəfqətli əllərə ehtiyacı var. Müharibə başlayanda ağxalatlılar ön və arxa cəbhədə necə fədakarlıqla çalışırdılarsa, indi də öz missiyalarını eyni əzmkarlıqla davam etdirirlər. Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) sədri, ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Oktay Mehtiyevlə söhbətləşərkən bu qənaətimizdə yanılmadığımıza bir daha əmin olduq.
O, rəhbərlik etdiyi ictimai qurumun müharibənin ilk günündə - 2020-ci il sentyabrın 27-də yaradıldığını, müharibə başlayan kimi həkim həmkarları ilə birgə könüllü olaraq ön cəbhəyə yollandığını deyir. Əvvəlcə Gəncə Beynəlxalq Hospitalında cərrah kimi fəaliyyət göstərir, həmçinin könüllüləri ora cəlb edir. Qısa müddətdən sonra Qarabağın şimal istiqamətində yaralıların sayının nisbətən az olması nəzərə alınır və könüllülərdən ibarət əsas heyət Füzuli Diaqnostika Mərkəzinə toplanır: “Burada vəziyyət gərgin idi. Yaralılar çox gəlirdi. Tibbi yardıma daha çox ehtiyac vardı. 250 nəfərdən ibarət Stomatoloqlar qrupu orada bütün lazımi ləvazimatlarla təchiz olunmuş 3 anbar təşkil etmişdi. Yaralılara həm ilkin və cərrahi yardım göstərilir, həm də onların təxliyəsi həyata keçirilirdi. Füzuli Diaqnostika Mərkəzində fəaliyyət göstərən həkimlərin demək olar ki, 90-95 faizi könüllülər idi”.
O.Mehtiyevin sözlərinə görə, könüllü həkimləri birləşdirən cəmiyyətin üzvləri noyabrın 13-ə kimi Füzuli Diaqnostika Mərkəzində yaralılara ixtisaslaşmış tibbi yardım göstəriblər. Bu müddətdə düzgün çeşidləmə aparmaqla, vaxtında düzgün cərrahi müdaxilə etməklə çoxsaylı insan itkisinin qarşısını alıblar. Bununla da bir çox əsgər və zabitlərimizə yenidən döyüş meydanına qayıtmaq imkanı qazandırıblar. Ən mürəkkəb beyin əməliyyatları, eyni zamanda qarın boşluğu əməliyyatları icra olunub. Bundan əlavə, travmatoloji zədələnmələr aradan qaldırılıb. Müharibə rəşadətli ordumuzun şanlı qələbəsi ilə bitəndən sonra da həkimlərimiz öz xeyirxah missiyalarını davam etdiriblər. Azərbaycan Tibb Universitetinin əməkdaşları ilə yanaşı, özəl klinikalarda çalışan yüksək ixtisaslı həkimlər bu gün də AKHA-nın xətti ilə şəhid ailələrinin və qazilərin xidmətindədir.
Məlumdur ki, işğaldan azad olunmuş ərazilərdə milli ordumuzun hissələri yerləşdirilib. Daha üstün infrastruktura malik Hadrutda stomatoloji məntəqənin yaradıldığını söyləyən AKHA-nın sədri bildirir ki, açılışında ölkə başçısının da iştirak etdiyi Cəbrayıl hospitalında, Şuşada, Zəngilanın Bartaz, Qubadlının Xanlıq və Qəzyan, Laçının Bozlu kəndlərində də stomatoloji kabinetlər istifadəyə verilib: “Həmin bölgələrdə ümumilikdə 10 mindən, Şuşada 4500-dən, Hadrutda isə 2300-dən çox əsgər və zabitə stomatoloji yardım göstərdik. Əlbəttə, həmin kabinetlərdə fəaliyyətimiz təkcə stomatoloji xidmətlə məhdudlaşmadı. Mən I Qarabağ müharibəsinin də iştirakçısı olaraq öz təcrübəmdən bilirəm ki, ilkin dövrdə dəri və infeksion xəstəliklərin yayılma ehtimalı artır. Ona görə də ATU-nun Dəri-zöhrəvi xəstəlikləri kafedrasının əməkdaşlarını, yay aylarında isə günvurmaların, zəhərlənmələrin çoxaldığını nəzərə alaraq, reanimatoloqları prosesə cəlb etdik. Onu da deyim ki, təkcə praktiki fəaliyyətlə məşğul deyilik, hərbi hissələrdə olan həkim kontingentinə, feldşerlərə treninqlər də keçirik. Bizim bütün xidmətlərimiz pulsuzdur, təmənnasızdır”.
Cəmiyyətin ən böyük layihələrindən biri də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə həyata keçirdiyi “Regionlarda şəhid ailələrinin və qazilərin sağlamlığı” layihəsidir. 18 rayonu əhatə edən bu layihə çərçivəsində şəhid ailələri, qazilər müayinə olunur, zərurət yaranarsa, Bakı şəhərinə dəvət edilirlər. Növbəti mərhələdə başqa patologiya aşkarlanarsa, təkrar müayinələr, əməliyyatlar aparılır. Bu əməliyyatların böyük əksəriyyəti ATU-nun Tədris Cərrahiyyə Klinikasında icra olunur. İndiyə qədər 1800 şəhid ailəsi müayinədən keçib, yüzlərlə cərrahi əməliyyat icra olunub.
Universitetimizdə AKHA-nın tələbə təşkilatının yaradılması da təqdirəlayiq haldır. Tələbə könüllülər xüsusi fəallıqları ilə seçilirlər. Müalicə işi fakültələrinin V-VI, Stomatologiya fakültəsinin IV-V kurs tələbələri həftənin şənbə və bazar günlərində, tətillərdə həkim köməkçisi kimi müxtəlif rayonlara, eləcə də işğaldan azad olunmuş ərazilərə gedir, hər dəfə də 200-300 şəhid ailəsinin, həmçinin qazilərin müayinəsində iştirak edirlər. Ölkəmizin tanınmış mütəxəssisləri ilə bərabər çalışmaq həm gənclərimizdə vətənpərvərlik ruhunun yüksəlməsinə, həm də onların peşə seçimlərinə müsbət təsir göstərir.
“Regionlarda şəhid ailələrinin və qazilərin sağlamlığı” layihəsində 500-dən çox həkimin iştirak etdiyini xatırladan O.Mehtiyev, hər həkimin əhatəsində ən azı 5-10 nəfər tibb işçisinin olduğunu, nəticədə böyük bir rəqəm alındığını vurğulayır.
Qalib bir ordunun əsgər və zabitlərini yetişdirən ailələrin və bədənlərində müharibənin yaralarını gəzdirən qazilərin sağlamlığını qorumaq həm də bir vicdan məsələsidir, mənəvi borcdur. Eyni zamanda qürurverici hissdir. Bu müqəddəs işi könül xoşluğu ilə yerinə yetirən fədakar həkimlərimizi tanıtmaq, başqalarına nümunə göstərmək də bizim borcumuzdur.