ATU Avrasiya Universitetlər Birliyinə üzv olub

 

 

EURAS-ın beynəlxalq təhsil platforması ən yaxşı təhsil xidmətlərini üzv universitetlər üçün əlçatan edir

 

Azərbaycan Tibb Universiteti beynəlxalq əlaqələrin genişlənməsi, tələbələrin inkişafı və təhsil standartlarının yüksəlməsinə xidmət edən növbəti addım atıb. Belə ki, universitetimiz 110-dan artıq ali məktəbi birləşdirən nüfuzlu Avrasiya Universitetlər Birliyinə (EURAS) üzv qəbul edilib.

2008-ci ildən etibarən fəaliyyətə başlayan EURAS 50-dən çox ölkədə fəaliyyət göstərən müxtəlif universitetlər arasında əməkdaşlığı təşviq edir. Qurumun əsas məqsədi Avrasiya regionunda təhsil standartlarının qlobal inkişafına nail olmaqdır.

EURAS-ın yaratdığı beynəlxalq təhsil platforması dünya üzrə ən yaxşı təhsil xidmətlərini üzv universitetlər üçün əlçatan edir. Üzvlər arasında qurulan dinamik şəbəkə təhsilin akademik standartlarının təkmilləşdirilməsi, tələbə və akademik heyətin mobilliyinin təşviqi, bilik  və qabaqcıl təcrübələrin mübadiləsi yolu ilə Avrasiya universitetlərinin liderliyinin gücləndirilməsinə xidmət edir. EURAS xəttilə təşkil olunan elmi konfranslar və seminarlarda tələbələrlə yanaşı, müxtəlif istiqamətlər üzrə tədqiqatçılar, milli və regional qurumların nümayəndələri təmsil olunur. Ümumilikdə Avrasiya Universitetlər Birliyinin xətti ilə bütün dünyada təhsilin inkişafı, bu sektorda qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb.

Xatırladaq ki, bu ilin mart ayında EURAS-ın rəhbəri Mustafa Aydın ATU-da qonaq olmuş və universitetimizi üzvlüyə dəvət etmişdi.