Azərbaycan Tibb Universiteti Anatomiya və tibbi terminologiya kafedrasının akt zalında "Məqalə Saatları" layihəsinin 2-ci mövsümünün ikinci buraxılışının təqdimat mərasimi keçirilib. Azərbaycan Elm və İnnovasiya Könüllüləri (AEİK) birliyinin təşkilatçılığı ilə keçirilən layihə gənclərin biliklərini artırması üçün imkanlar yaradır.
Mərasimdə AEİK-in sədri Cavid Quliyev açılış nitqi ilə çıxış edərək
iştirakçılara uğurlar arzulayıb. Daha sonra təşkilatın sədr müavini Leyla Qazıyeva "Məqalə Saatları" layihəsi haqqında qısa məlumat verib. Açılışdan sonra iştirakçılar hazırladıqları məqalələr üzrə təqdimatlarını həyata keçiriblər.
Tədbirdə "Biosensorlar, günümüzdə ən çox istifadə edildiyi sahələr və önəmi" , "Viral infeksiyaların canlılarda yol açdığı fəsadlar, sahib orqanizmdə çoxalma və davranışı" , "Patau ve Turner sindromları" kimi mövzularda təqdimatlar baş tutub.
Çıxışlardan sonra "Məqalə saatları" layihəsinin növbəti buraxılışına qonaq qismində dəvət olunan mütəxəssislər -ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru Nigar Ağayeva, həmin kafedranın dosenti Həyat Əliyeva, ATU-nun Tibbi profilaktika fakültəsinin təmsilçisi, həkim-mikrobioloq Nərminə İsmayılova, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Səidə Hacıyeva, İctimai fənlər kafedrasının baş laboratoriya müəllimi Səbinə Əliyeva, Anatomiya və tibbi terminologiya kafedrasının professoru Elçin Xıdırov, Bioloji kimya kafedrasının assistenti Elşad Novruzov, Psixiatriya kafedrasının assistenti Nəsimi Vahabov təqdimatlarla bağlı fikirlərini bildiriblər.
Tədbirdə həmçinin Respublika Perinatal Mərkəzin, BDU-nun Biofizika və Biokimya kafedrasının, Referans Klinik Laboratoriya Mərkəzinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndələri iştirak ediblər.
Sonda keçirilən mükafatlandırma mərasimində maraqlı təqdimatla çıxış edən iştirakçılara sertifkatlar təqdim olunub. AEİK-in Azərbaycan üzrə sədri Elnur İmamaliyev i qonaqlara və təşkilati dəstəyə görə ATU rəhbərliyinə öz təşəkkürünü bildirib.
"Məqalə Saatları" layihəsinin təqdimetmə mərasimindən dərhal sonra qonaqlarla "Antibiotiklər" mövzusunda müzakirə saatı keçirilib. Müzakirə saatında təşkilat könüllüləri və iştirakçılar qonaqların peşəkar iş təcrübəsi nəticəsində əldə etdikləri biliklərdən faydalanıblar.