Bu günlərdə Cenevrə şəhərində (İsveçrə) 14-cü Avropa Epilepsiya Konqresi keçirilib. Epilepsiya ilə Beynəlxalq Mübarizə Liqası tərəfindən təşkil edilən bu tədbirdə ATU-nun Nevrologiya kafedrasının assistenti, Epilepsiya ilə Beynəlxalq Mübarizə Liqasının və Ümumdünya Nevroloqlar Federasiyasının Azərbaycan Bölmələrinin katibi, t.ü.f.d. Şəhla Məlikova da müvəffəqiyyətlə iştirak edib.
9-13 iyul tarixlərində baş tutan yığıncaqda ümumilikdə 83 ölkəni təmsil edən nevroloqlar iştirak edilər. Konqresin 100-dən çox sessiyasında dünyanın 320-dən artıq epileptoloqları tərəfindən məruzələr səsləndirilib.
Konqresin həmsədrləri professor Eugen Trinka və professor Margitta Seeckin sədrliyi ilə keçirilən simpoziumda genetik göstəricilərin, yeni vizualizasiya vasitələrinin xəstələrin müalicəsinə və proqnozuna təsiri, həmçinin müalicədə yeni istiqamətlərin xəstələrin həyatına necə təsir edəcəyi ətraflı müzakirə olunub. Digər sessiyalarda epileptik status, uşaq və böyüklərin epileptologiyası, neyrovizualizasiya, neyropsixologiya, farmakorezistent epilepsiya, epilepsiyanın müalicəsi və bir çox digər mövzular geniş müzakirə edilib.
Bu mötəbər elmi toplantıda ATU-nun Nevrologiya kafedrasının assistenti Şəhla Məlikovanın “Hamiləlikdə yeni başlayan epilepsiya olan qadınlarda doğuşun nəticələri” mövzusunda təqdim etdiyi poster prezentasiyası Konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Helen Cross, Meir Bialer, Alla Guekht, Margitta Seeck, Sándor Beniczky, Samuel Wiebe, Simon Shorvon, Torbjörn Tomson, Philipe Ryvlin və onlar kimi digər aparıcı mütəxəssislərin məruzələri epilepsiyanın diaqnostika və müalicəsində yeniliklərə, son tədqiqatlara, epilepsiya cərrahiyyəsinə, epilepsiyanın sosial və digər aktual aspektlərinə həsr edilib.