24-27 avqust 2022-ci il tarixlərində Litvanın Vilnüs Universitetində Avropa Antropoloqlar Assosiasiyasının 22-ci Konqresi keçirilib. Tədbirdə ATU-nun əməkdaşları - Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanova və Radiologiya kafedrasının dosenti Rasim Bayramov birgə elmi işlə iştirak ediblər.
Alimlərimizin “Facial soft tissue thicknesses in Azerbaijan adults: variability and specificity” (“Azərbaycanda böyüklərdə üz yumşaq toxumasının qalınlığı: dəyişkənlik və spesifiklik”) adlı tədqiqatı bir çox işlər arasından tədbir iştirakçıları qarşısında çıxış üçün seçilib.
Qeyd edək ki, hibrid formatda keçirilən konfransda Avropa, eləcə də Amerika, Afrika və Avstraliyadan alimlər iştirak ediblər. Avropa Antropoloqlar Assosiasiyası 1976-cı ildə yaradılıb. Tədbirdə Azərbaycan Tibb Universitetinin elmi-tədqiqat işi ilə təmsil olunan Azərbaycan Avropa Antropoloqlar Assosiasiyasının 50-ci Yubiley Konfransına ev sahibliyi etmək hüququ uğrunda müsabiqədə iştirak edəcək.
Azərbaycan əhalisinin üzünün yumşaq toxumasının qalınlığının tədqiqi bir il ərzində ATU-nun Tədris Cərrahiyyə Klinikasının bazasında aparılıb. Görülən işlər nəticəsində üz-çənə, plastik cərrahlar, eləcə də ortodontlar tərəfindən müalicənin planlaşdırılması, habelə məhkəmə-tibb ekspertləri və hüquq-mühafizə orqanları tərəfindən şəxslərin müəyyən edilməsi üçün zəruri olan müvafiq məlumat bankı yaradılıb. Bu məlumat bankı Azərbaycanda bir ilkdir və yumşaq toxumaların qalınlığını üç yaş qrupu üzrə 24 antropometrik bənd üzrə əks etdirir. Tədqiqat paranazal sinusların iltihabi xəstəlikləri olan pasiyentlərin KT müayinəsi əsasında aparılıb. Universitetin adıçəkilən kafedralarının rezidentləri Nərmin Məhərrəmli və Kheder Akatieha da işə cəlb olunub.