ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində qonaq olub. Nümayəndə heyəti ilə görüşdə ATU rektoru, professor Gəray Gəraybəyli çıxış edərək universitetin fəaliyyəti, tədris proqramlarındakı dəyişiklər, gözlənilən islahatlar və s kimi əhəmiyyətli məsələlər barədə qonaqlara məlumat verib.
Görüş zamanı ATU-nun beynəlxalq əlaqələri, universitet üzrə üç ixtisasın beynəlxalq akkreditasiyadan keçməsi ilə bağlı məlumat da səfirlik təmsilçilərinin diqqətinə çatdırılıb.
ABŞ-ın Azərbaycandakı səfirinin Mədəniyyət və təhsil müşaviri Salman Haji təhsil shəsində mövcud proqramlar barədə danışıb. Həmçinin, "English language fellow" proqramının təfərrüatları haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ABŞ səfirliyinin təşəbbüsü ilə reallaşdırılan "English language fellow" layihəsi çərçivəsində 10 ay ərzində Azərbaycan Tibb Universitetində dil üzrə təlimlər baş tutacaq. Proqramın məqsədi ATU-nun professor-müəllim heyətinin, xüsusilə ingilis dilində tədris aparılan qruplarda dərs deyən müəllimlərin ingilis dili biliklərinin yaxşılaşdırılması istiqamətində fəaliyyət icra etməkdir.
Görüşdə ABŞ-ın Azərbaycandakı Səfirinin Təhsil üzrə mütəxəssisi Ramina Mürşüdova, İngilis dili üzrə proqram koordinatoru Səbinə Abdullayeva, İngilis dili təlimçisi Tiffany Tillman, ATU-nun ümumi işlər üzrə prorektoru Nizami Adilov, Beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov iştirak ediblər.