ATU-da ikinci təhsil almaq istəyənlərlə görüş keçirilib
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) ikinci ali təhsil almaq istəyən şəxslərlə görüş keçirilib. Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyev, Tədris şöbəsinin müdiri Kamandar Yaqubov, universitetin hüquqşünası, fakültə dekanları və universitetin İctimai Nəzarət Şurasının üzvləri iştirak ediblər. İkinci təhsil üçün müraciət edən şəxslərin sənədləri bir daha yoxlanılıb, təhsil şərtləri, yeni qaydalar izah olunub.
Məlumat üçün bildirək ki, Şuranın tərkibinə millət vəkili, həkim-qastroenteroloq İlham Məmmədov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Asan” radionun direktoru Emin Musəvi, İctimai Televiziya və Radio Yayımları şirkətinin İctimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlu, “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, Təhsil Nazirliyi “SABAH” qruplarının tədris işləri üzrə rəhbəri, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin hüquqşünas-eksperti Eldar Qocayev, “Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, ATU-nun Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva daxildirlər.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetində 2017-ci ildən başlayaraq II təhsil üçün tələbələrin seçimi aparılır. Amma ATU-da bu proses digər universitetlərdəkindən fərqlidir. Belə ki, yalnız ATU-nu, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialını və Naxçıvan Dövlət Universitetinin tibb, əczaçılıq və stomatologiya ixtisaslarını bitirənlər Tibb Universitetində ikinci təhsil üçün müraciət edə bilərlər.