ATU-nun Hərbi tibb fakültəsi kursantlarının andiçmə mərasimi keçirilib

Silahlı Qüvvələrimiz üçün həkim kadrların hazırlanması ölkəmizin müdafiə qüdrətinin artırılmasına xidmət edir

 

Sentyabrın 11-də Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində ATU-nun Hərbi tibb fakültəsinin kursantlarının andiçmə mərasimi keçirilib. Əvvəlcə şəxsi heyətin düzülüşü barədə fakültə rəisinə məruzə edilib. Bundan sonra ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himnimiz səsləndirilib.

Təntənəli andiçmə mərasimini Hərbi tibb fakültəsi rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə baş köməkçisi, polkovnik-leytenant Yaqub Qasımov açıb. Gənc kursantları təbrik edərək onların hər birinə cansağlığı, ailə xoşbəxtliyi arzulayan polkovnik-leytenant Azərbaycan ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması üçün görülən işlərdən danışıb. Eyni zamanda Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və qətiyyətli idarəetməsi, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatmasını xatırladıb. Bu qələbənin əldə olunmasında hərbi həkim personalının xidmətlərindən də danışan polkovnik-leytenant bildirib ki, ordumuzun daha da qüvvətli olması üçün onun sıralarına yeni nəfəs, yeni ruh və döyüş əzmi gətirilməlidir: "Düşmən hiss etməlidir ki, siz həmişə, hər sahədə ondan üstünsünüz. Vətənə sədaqətiniz, ana torpağa, ailəyə bağlılığınız, xalqımıza və dövlətimizə məhəbbətiniz sonsuzdur".

Valideynlər adından ehtiyatda olan zabit, müharibə veteranı Fəxrəddin Əlirzayev çıxış edərək, iki oğlunun hərbi həkim peşəsini seçməsindən qürur duyduğunu söyləyib. O, gənc kursantların Azərbaycan ordusunda hərbi həkim kimi çalışmaqla valideynlərinin başını uca edəcəklərinə əminliyini bildirib və onların yaxınlarına, doğmalarına, bütövlükdə Azərbaycan xalqına gözaydınlığı verib.

Hərbi Həkim İxtisası Hazırlığı kurslarının V kurs kursantı Əli Sultanzadə hərbi and içərkən onlara nə qədər böyük və şərəfli bir iş tapşırıldığını yaxşı anladıqlarını deyib: "Bu gün biz gənc kursantların həyatında əlamətdar bir gündür. Bizlər yeri gələrsə, Vətənimizi qorumaq üçün öz canımızdan keçməyə hazır olmalıyıq.
Azərbaycan hərbi andı yüksək və nəcib xarakter daşıyır. Müstəqilliyi və azadlığı üçün mübarizə aparan bir xalqın istəklərini əks etdirir".

Ə.Sultanzadə kursant yoldaşlarını rəislərin və komandirlərin əmrlərini vaxtında və sözsüz yerinə yetirməyə, xidməti vəzifələrini layiqincə icra etməyə çağırıb: "Ümid edirəm ki, biz gənc kursantlar hərbi anda həmişə sadiq qalacaq, Vətənimizi və xalqımızı canımızla, qanımızla qoruyacağıq".

Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov da gənc kursantları hərbi andı qəbul etmələri münasibətilə təbrik edib. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün müasir tibb elminin tələblərinə cavab verən hərbi həkim kadrların hazırlanması ölkəmizin müdafiə qüdrətinin artırılmasına xidmət edən mühüm amillərdəndir.

Ç.Əlləzov qeyd edib ki, Hərbi tibb fakültəsi yaradılana qədər Azərbaycan ordusu üçün hərbi həkimlərin hazırlanması mülki ali təhsil müəssisələrində fəaliyyət göstərən hərbi kafedralarda həyata keçirilirdi: "Orduda yüksəkixtisaslı peşəkar həkimlərə ehtiyac olduğunu nəzərə alaraq, ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə 25 may 2000-ci ildə Azərbaycan Tibb Universitetinin nəzdində Hərbi tibb fakültəsi yaradıldı. Bu gün qətiyyətlə deyə bilərik ki, güclü və sarsılmaz Azərbaycan ordusunun əldə etdiyi uğurların arxasında ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi və davamlı qayğısı dayanır".

Fakültənin rəisi onu da bildirib ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən, ATU-nun tərkibində yaradılan tibbi heyətin təkmilləşdirmə kursları, feldşer hazırlığı kursu və rezidentura hal-hazırda öz fəaliyyətini uğurla davam etdirir. Yarandığı gündən yüzlərlə hərbi həkim hazırlanaraq ordu sıralarına göndərilib. Bu gün isə fakültədən hərbi həkim ixtisası üzrə 50 nəfər, feldşer ixtisası üzrə 55 nəfər hərbi andı qəbul edir.

Fakültə rəisi Azərbaycan ordusunda tibb xidməti sahəsi üzrə zabit və gizir kadrları hazırlamaq kimi şərəfli və məsuliyyətli işin məhz ATU-nun Hərbi tibb fakültəsinin üzərinə düşdüyünü vurğulayıb: "Müdafiə Nazirliyi və Azərbaycan Tibb Universitetinin rəhbərliyinin həyata keçirdiyi tədbirlər və görülən işlər nəticəsində Hərbi tibb fakültəsində təhsilin yüksək səviyyədə təşkil edilməsi üçün hər cür şərait yaradılıb. Hərbi tibb fakültəsində xidmət edən zabit və gizirlər, burada çalışan bütün professor-müəllim heyəti, eləcə də təhsil alan kursantlar Azərbaycan dövləti və dövlətçiliyi prinsiplərinə daim sadiq qalmalı, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər".

Ali Baş Komandanımızın rəhbərliyi altında milli ordumuzun Vətən müharibəsindəki şanlı qələbəsindən də qürurla söhbət açan Ç.Əlləzov, bu müharibədə onlarla hərbi həkimin ən uca məqam olan şəhidlik zirvəsinə yüksəldiyini ehtiramla yada salıb. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Tədbirin sonunda kursantlar vətənə sədaqət andı içiblər.

Andiçmə mərasimində kursantların valideynləri və doğmaları da iştirak ediblər.
Tədbir iştirakçıları arasında olan Tibbi mikrobiologiya və immunologiya kafedrasının müəllimi Səidə Hacıyeva xoş təəssüratlarını bizimlə bölüşərək, ATU-ya qəbul zamanı hərbi həkim ixtisasını seçən tələbələrə xüsusi rəğbət bəslədiyini söyləyib.