Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın 2022/2023-cü tədris ilinin başlanmasına həsr olunmuş genişləndirilmiş iclası keçirilib. İclasda ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev iştirak edirdi.
İclası giriş sözü ilə açan klinikanın direktoru, professor Surxay Musayev əvvəlcə yay aylarında yubileyləri olmuş Anesteziologiya və reanimatologiya kafedrasının müdiri, professor İsfəndiyar İsmayılovu və Klinik farmakologiya kafedrasının müdiri, professdor Adil Baxşəliyevi bu münasibətlə təbrik edib, onlara xoş arzularını bildirib. Daha sonra o, kollektivi yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edərək uğurlar arzulayıb.
Klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva iyul-avqust aylarında xəstələrin ambulator və stasionar qəbulu haqqında ətraflı məlumat verib. Həmçinin professor-müəllim heyəti yay məzuniyyətində olduğu üçün bu aylarda xəstə qəbulunun kəskin şəkildə azaldığını qeyd edib.
Azərbaycan Tibb Universitetinin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev professor-müəllim heyətini yeni tədris ili münasibətilə təbrik edib. O, kafedraların kadr potensialı və onun gücləndirilməsi yollarından danışaraq tələbələrlə daha ciddi, səmərəli məşğul olmağın zəruriliyini xüsusi vurğulayıb. Bir sıra kafedralarda struktur dəyişikliyi olduğunu və bunun tədris prosesinin optimallaşmasına xidmət etdiyini diqqətə çatdırıb. Əməkdaşlar arasında əmək intizamının möhkəmləndirilməsinə toxunan prorektor, bir sıra həkimlərin özəl klinikalarda xəstə qəbul etməsi məsələsindən də danışıb və bu işdə kafedra müdirlərini daha məsuliyyətli olmağa çağırıb.
Daha sonra görülmüş işlər haqqında danışan klinikanın direktoru, professor S.Musayev yeni tədris ilində həkimlər arasında əmək intizamının gücləndirilməsi, stasionar fəaliyyət, konsultativ-diaqnostik poliklinikaların, bölmə və kabinetlərin işinin təkmilləşdirilməsi üçün təklif və tapşırıqlarını verib. Qeyd olunub ki, sentyabrın 15-də tələbələr klinikanın girişində qarşılanmalı və müvafiq auditoriyalara yönəldilməlidir. Bunun üçün kafedra müdirləri, tədris hissə müdirləri, şöbə müdirləri cəlb olunmalıdır.
Sonda direktor əməkdaşları bir daha universitet rəhbərliyi və klinika rəhbərliyi adından təbrik edib, yeni tədris ilinin bütün sahələrdə dönüş və müvəfəqiyyət ili olacağına ümidvar olduğunu bildirib.