Düşmənə sarsıdıcı zərbə vurulub
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısı alınıb, 71 hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucalıb
Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq hüququn norma və prinsiplərini, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın tələblərini kobud şəkildə pozaraq 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Təxribatın və ölkəmizin ərazisinə, suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.
Vurğulanmalıdır ki, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşımaqla yanaşı, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunub.
Bununla yanaşı, Ermənistanın normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində yeni şərtlərin irəli sürülməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirirdi.
Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı bütün addımların qarşısı qətiyyətlə alınacaq.
Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın təxminən iki sutka davam edən genişmiqyaslı təxribatının qarşısını alarkən 71 nəfər hərbi qulluqçumuz şəhid olub. Qarşı tərəfin itkiləri isə dəfələrlə çoxdur.
Allahdan şəhidlərimizə rəhmət, onların ailələrinə səbr diləyirik.