50 ildir yaşayan xatirələr

Tibb İnstitutunun 1972-ci il məzunlarının görüşü keçirildi

Tələbəlik illəri hər bir insanın həyatında unudulmaz, maraqlı, xoş, bir az da həyəcanlı xatirələrlə dolu bir dövrdür. Boşuna “o mehriban, o əziz, tələbəlik illəri” deyilməyib. Üstündən neçə illər ötsə də, bu ülvi hisslər insanı “sızladaraq” ömrünün ən şirin, eyni zamanda əlçatmaz bir nöqtəsinə qaytara bilir.

Sentyabrın 14-də ölkəmizin qocaman təhsil ocaqlarından sayılan Azərbaycan Tibb Universitetinin həyətinə toplaşan insanların üzlərindən də “hansı dövrə qayıtdıqları” açıq-aydın hiss olunurdu. Həmin gün Azərbaycan Tibb İnstitutunun bütün fakültələri üzrə 1972-ci il məzunlarının görüşü keçirilirdi.

Tədbir iştirakçıları əvvəlcə universitet şəhərciyində Qarabağ müharibələrində şəhid olmuş universitet tələbələrinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə gül dəstələri düzdülər və bütün şəhidlərimizin ruhuna dualar oxudular.

Daha sonra İnsan anatomoyası və terminalogiya kafedrasının auditoriyasında davam edən tədbirdə Dövlət Himni səsləndirildi, şəhidlərimizin, eləcə də həmin illərin dünyasını dəyişmiş məzunları və professor-müəllim heyətinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Toplantını ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev açaraq məzunları universitet rəhbərliyi adından salamladı, onları uzun illərdən sonra bir daha yenidən universitetdə görməkdən məmnun olduğunu bildirdi. Məzunlara və qonaqlara ATU-nun son illərdəki səmərəli fəaliyyəti və uğurları barədə ətraflı məlumat verən prorektor tələbələrin yaxşı təhsil almaları üçün yaradılan şəraitdən danışdı. Qeyd etdi ki, bu gün Tibb Universiteti dövrün tələbləri səviyyəsində öz işini qurur və Avropanın tələb etdiyi bütün meyarlara tam cavab verir. ATU-nun dörd tədris klinikasının olduğunu xatırladan S.Əliyev bu klinikaların müasir standartlara uyğun fəaliyyət göstərdiyini və son illərdə universiteti başa vuran məzunlarımızın dünyanın qabaqcıl elm-təhsil müəssisələrində çalışdıqlarını vurğuladı.

Görüşün əsas təşəbbüskarı və həmçinin təşkilatçılarından olan, universiteti bitirdikdən sonra respublikamızın müxtəlif tibb müəssisələrində çalışmış, Qarabağ müharibəsi veteranı, əməkdar həkim, dosent Tariyel Eyvazov çıxış edərək, universitetin rektorluğu başda olmaqla, bu tədbirin keçirilməsinə dəstək olan hər kəsə təşəkkürünü bildirdi. O, görüşə hazırlaşarkən, o cümlədən məzunları soraqlayarkən keçirdiyi hisslərdən bəhs etdi. Nəzərə çatdırdı ki, 1972-ci ildə 930 nəfər məzun olub ki, onlardan hazırda 18 nəfər tibb elmləri doktoru, 44 nəfər isə tibb elmləri namizədidir.

Sözünə davam edəm T.Eyvazov sevimli müəllimlərini yada saldı, onları xatirələrdə canlandırdı. Daha sonra diqqətə çatdırdı ki, bu yaxınlarda həmin illərin məzunları ilə bağlı xatirə kitabı işıq üzü görəcək. Kitabda məzunların həyat və fəaliyyəti haqqında məlumatlar yer alacaq.

Toplantıda iştirak edən ixtisasca həkim millət vəkilləri Musa Quliyev və Sədaqət Vəliyeva məzunlara ürək sözlərini çatdıraraq, bu ənənənin gələcəkdə də davam etdirilməsinin gənc nəslə örnək olacağını, hər bir məzunun yaddaşında dərin iz buraxacağını söylədilər. Natiqlər dövlətimizin tibb elminə və səhiyyəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğuladılar.

Tədbirdə çıxış edən məzunlardan ATU-nun Elmi-Tədqiqat Mərkəzinin müdiri, əməkdar elm xadimi, professor Qalib Qarayev, Elmira Əliyeva, Məlahət Qəmbərova, həkim, şair Zakir Ağdamlı, Moskva şəhərindən gəlmiş Nailə Vəliyeva və başqaları tələbəlik illəri ilə bağlı həzin-kövrək xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Onlar bu əlamətdar tədbirin təşkilatçılarına, eləcə də görüşə şərait yaradan ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə təşəkkürlərini bildirdilər.

Tədbirin sonunda məzunlar xatirə şəkli çəkdirdilər.

M.Ələkbərli