Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mürəkkəb cərrahiyyə əməliyyatı həyata keçirilib.
Belə ki, I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramov və klinikanın Transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazov xəstə üzərində böyrək köçürülməsi əməliyyatını icra ediblər.
A.Namazovun bildirdiyinə görə, əvvəllər üzərində açıq ürək əməliyyatı keçirilmiş və dializ xəstəsi olan pasiyent risk qrupuna daxil olan xəstələrdən hesab olunurdu: “Amma kardioloqlar və kardio-cərrahların konsultasiyasından sonra xəstənin əməliyyata götürülməsinə qərar verildi. Əməliyyat tərəfimizdən uğurla icra olunaraq ona böyrək köçürüldü. Əməliyyatdan öncə 10-un üzərində olan kreatin gösstəricisi hazırda 1,6-dək enib. Xəstə nəzrətimiz altındadır, özünü yaxşı hiss edir”.
Qeyd edək ki, həkim briqadasının tərkibinə Cərrahiyyə Klinikasının Kardio-cərrahiyyə şöbəsinin müdiri Mirəli Məcidov, Urologiya şöbəsinin müdiri Fikrət Əhmədov, eləcə də Nuranə Süleymanova, Elvin İsazadə, Orxan Quliyev, Məhəmməd Abbasov, Bülent Çetin, Türavə Ələsgərova daxil idi.