Tibb Universitetində Attestasiya Komissiyasının üzvləri ilə görüş keçirilib
Bu gün Azərbaycan Tibb Universitetində Rezidentlərin 2014/2015-ci tədris ili üzrə yekun attestasiyasının keçirilməsinə dair tədbir baş tutub. Attestasiya Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən tədbiri komissiyanın sədri akademik, millət vəkili Əhliman Əmiraslanov açıb.
Rektor rezidentura pilləsində səviyyəli və bacarıqlı mütəxəssislərin hazırlanmasının vacibliyinə toxunaraq bu sahədə qazanılmış uğurlardan danışıb: "TQDK-nın verdiyi məlumata görə, rezidenturaya qəbul olan tələbələrin bilik səviyyəsi ildən-ilə yüksəlir. Amma bu, rezidentlərin hamısının eyni səviyyədə olması demək deyil. Biz rezidentura sayəsində yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün hər cür şərait yaratmalıyıq". Millət vəkili "əvvəllər 10 bazada mütəxəssislər hazırlanırdısa, hazırda bazaların sayı 37-yə çatır. Bunun idarə edilməsi çətinlik yaratdığından savadlı mütəxəssislərin hazırlanmasına nəzarət edən bir qurumun yaradılmasına ehtiyac var. Yəqin bu barədə hansısa səviyyədə qərar veriləcək", deyə qeyd edib.
Akademik Ə.Əmiraslanov rezidentlərin hazırlanmasında xarici ölkələrin, o cümlədən Türkiyə təcrübəsinin ölkəmizdə tətbiqinin yaxşı nəticələr verəcəyindən də danışıb.
Tədbirdə Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin müdir müavini Şabruz Novruzova, universitetin tədris işləri üzrə prorektoru professor Sabir Əliyev, ATU-nun rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov və digərləri iştirak edirdi. Tədbir zamanı rezidenturada təhsil səviyyəsinin yüksəldilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirdilər.
Qeyd edək ki, hazırda ATU-da 4 kurs üzrə 587 nəfər rezidenturada təhsil alır. Bu il 37 ixtisas üzrə 202 nəfər rezidenturaya qəbul edilib. Onlar 37 ixtisas üzrə hazırlıq keçirlər. Bu il ATU üzrə 70 rezident xarici ölkələrdə (Türkiyə Almaniya, Çin, İsveç və s) rotasiya keçib. Ölkə üzrə ATU ilə yanaşı digər bazalarda da təhsil alan rezidentlərin sayı 1500-ə çatır.
Bu il cəmi 94 nəfər rezident yekun attestasiyasında iştirak edəcək. Onlardan 35 nəfəri ATU rezidentləridir.