ATU nümayəndə heyəti “Magna Charta Universitatum” yubiley tədbirinə qatılıb

 

İtaliyanın Bolonya şəhərində “Magna Charta Universitatum” – Dünya Universitetlərinin Böyük Xartiyasının qəbulunun yubileyinə həsr edilmiş təntənəli tədbir keçirilib. Bu nüfuzlu beynəlxalq şəbəkənin üzvü olan Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti də tədbirdə iştirak edib.

 

ATU-nun rektoru professor Gəray Gəraybəylinin rəhbərlik etdiyi nümayəndə heyəti “Təlatümlü dövrlərdə universitetlərin cəmiyyətlə təması” mövzusunda keçirilən konfransda iştirak edib. Dünyanın aparıcı ali məktəblərinin rəhbərləri, akademik təmsilçiləri və ali təhsil üzrə mütəxəssislərin qatıldığı tədbirdə həm ümumi məruzələr səsləndirilib, həmçinin kiçik qrup müzakirələri təşkil olunub.

 

Qeyd edək ki, hər il “Magna Charta Universitatum” şəbəkəsi tərəfindən ali təhsil sahəsində fundamental dəyərlərin tətbiqinə həsr edilmiş beynəlxalq konfrans və yeni üzvlərin qəbulu ilə bağlı imzalanma mərasimi keçirilir. Bu ilki yubiley tədbirində universitetin Elmi katibi Nazim Pənahov, Beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev də iştirak ediblər.

 

“Magna Charta Universitatum” - Dünya Universitetlərinin Böyük Xartiyası 1988-ci ilin sentyabrında Bolonya Universitetinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş tədbirdə imzalanıb. Sənəd Avropa Universitetləri Assosiasiyası və Bolonya Universiteti tərəfindən hazırlanıb. Xartiya hazırda 88 ölkədən 950 universiteti özündə birləşdirir. Xartiyanın əsas məqsədi üzv universitetlər arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsidir.