Aktiv tələbələrlə görüş keçirilib

 

ATU-da fəal və istedadlı tələbələr üçün bir sıra təşkilatlar fəaliyyət göstərir

 

Sentyabrın 20-də Azərbaycan Tibb Universitetində hər il olduğu kimi, “Aktiv tələbələrlə görüş” adı altında ənənəvi məlumatlandırma sessiyası keçirilib. Toplantı iştirakçıları əvvəlcə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

ATU-nun rektoru, professor Gəray Gəraybəylinin yeni tədris ilinin başlanması ilə əlaqədar təbriklərini çatdıran Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Qoşqar İsmayılov son illərdə universitetdə aparılan islahatlar barədə ətraflı məlumat verib. Qeyd edib ki, tələbələrlə ənənəvi olaraq hər il keçirilən bu görüşün məqsədi gələcək hədəf və vəzifələr barədə müzakirə açmaq, tədrislə bağlı çətinlikləri və təkliflərini öyrənib rəhbərliyə çatdırmaq, həmçinin müəyyən tövsiyələr verməkdən ibarətdir.

Q.İsmayılov dövlətimizin gənclərə göstərdiyi hərtərəfli qayğıdan, ATU-da tələbələr üçün yaradılan yüksək şəraitdən bəhs edərək, diqqətə çatdırıb ki, universitetdə fəal və istedadlı tələbələr üçün bir sıra elmi, ictimai və digər təşkilatlar fəaliyyət göstərir. Onlar həmin təşkilatların işində yaxından iştirak edə bilərlər. THİK sədrinin sözlərinə görə, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün universitetdə yetərincə imkanlar var. Çıxışının sonunda tələbələri mükəmməl təhsil almaqla yanaşı, həm də universitetin və ölkəmizin ictimai-sosial həyatında fəal olmağa çağıran Q.İsmayılov könüllü proqramlarına qoşulmağı, layihələrdə aktiv iştirak etməyi tövsiyə edib.

Toplantıda çıxış edən komitə sədrinin müavini, V kurs tələbəsi Cavid Mustafazadə bildirib ki, əgər biz gələcəkdə peşəkar mütəxəssis olmaq istəyiriksə, universitetin göstərdiyi etimadı hər zaman doğrultmağa, ali təhsil müəssisəsinin və ölkəmizin ictimai-sosial həyatında aktiv iştirak etməyə, dərslərimizdə fəal olmağa çalışmalıyıq. O, Vətəni və millətini sevən, onun təəssübünü çəkən layiqli vətəndaş olmağın önəmini bir daha vurğulayıb. C.Mustafazadə təlim-tərbiyə prosesinin uğurla həyata keçirilməsi üçün müəllim və tələbələr arasında qarşılıqlı münasibətlərin düzgün qurulmasının əhəmiyyətini qeyd edib.

Görüşdə universitetin fakültələr üzrə THİK sədrləri də çıxış edərək,  görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər. Onlar THİK-in fakültələr üzrə heyəti, tarixi, üzvlərin hüquqları və öhdəlikləri, vəzifə üstünlükləri, eləcə də əldə olunan nailiyyətlərlə toplantı iştirakçılarını tanış ediblər.