Sentyabrın 19-dan 23-dək ölkəmizdə işgüzar səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə Azərbaycan Tibb Universitetində görüş keçirilib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli ölkəmizin ÜST ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. COVID-19-la mübarizədə ölkə daxilində görülən işlər, Azərbaycanın başqa dövlətlərə göstərdiyi yardımlar və irəli sürdüyü təşəbbüslər yada salınıb, bu istiqamətdə Azərbaycanın nailiyyətlərinin ÜST-ün baş direktoru Tedros Qebreyesus tərəfindən də yüksək qiymətləndirildiyi vurğulanıb. Eləcə də daha əvvəl keçirilən görüşün nəticələri müzakirə olunub, işçi qrupu təsdiqlənib.
ÜST-ün ölkəmizdəki nümayəndəliyinin əməkdaşı Halil İbrahim Durak qeyd edib ki, son 5 ildə Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması və insanların tibbi xidmətlərlə hərtərəfli əhatəsinə nail olunması istiqamətində mühüm işlər görülüb.
ÜST-ün Qiymətləndirmə Missiyasının əsas məqsədi Azərbaycanda tibb işçilərinin inkişafı, ölkənin səhiyyə sisteminin dayanıqlılığının artırılması, ilkin səhiyyə xidməti sahəsində uğurlu planlaşdırmanın təmini, xəstəxana sisteminin effektiv idarəedilməsi, tibbi tədrisin tətbiqi, eləcə də kadrlar şöbələrinin fəaliyyətlərinin gücləndirilməsindən ibarətdir.
Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev, universitetin elmi katibi, yeni ixtisaslarla əlaqədar komisiyanın rəhbəri, Nazim Pənahov, İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva, Tədris şöbəsinin müdiri Kamandar Yaqubov, I Müalicə-profilaktika fakültəsinin dekanı Elşad Novruzov, II Müalicə-profilaktika fakültəsinin dekanı İsrail Məhərrəmbəyli, Əczaçılıq fakültəsinin dekanı Fərəh Mədətli, İctimai Səhiyyə fakültəsinin dekanı Anar Ağayev, Mətbuat xidmətini rəhbəri Günel Aslanova, eləcə də ÜST-ün Azərbaycandakı nümayəndəliyinin əməkdaşı dr. Tural Qulu, təşkilatın mütəxəssislərindən Tomas Zapata, Cathal Morgan, Mafaten Chaouali, Margrieta Langins, Kevser Vatansever və başqaları iştirak edirdilər.
Qeyd edək ki, qonaqlar ATU-nun Tədris Cərrahiyyə Klinikasının fəaliyyəti ilə də yaxından tanış olublar.