Əməkdaşlarımızın elmi-tədqiqat işi nüfuzlu jurnalda dərc olunub

 

Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasında ali təhsilli əczaçı kadrların hazırlanması ilə yanaşı, ölkə florasından olan yabanı bitkilərdə bioloji fəal maddələrin aşkar edilməsi, onların bioloji fəallıqlarının öyrənilməsi və tibbdə istifadəsi, yabanı bitkilərin xammal ehtiyatının öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri də aparılır.

Elmi tədqiqatlar Türkiyə, Rusiya, Fransa, Ukrayna və digər ölkələrin alimləri ilə birgə həyata keçirilir. Son illər ATU-nun Rusiya Federasiyasının Elmlər Akademiyasının Sibir şöbəsinin Ümumi və eksperimental biologiya institutu ilə təbii kimyəvi birləşmələrin tədqiqi sahəsində müştərək tədqiqatların aparılması haqda imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun müasir elmi-tədqiqat işləri yerinə yetirilir. Azərbaycanın yabanı dərman bitkilərinin tədqiqi Farmakoqnoziya kafedrasının əməkdaşlarının və doktorantlarının elmi işlərində öncül yer tutur. Bu elmi işlərdən biri nüfuzlu “Plants” jurnalının (impakt faktoru: 4,66) avqust sayında dərc olunub. “Caucasian Dragonheads: Phenolic compounds, polysaccharides and bioactivity of Dracocephalum austriacum and Dracocephalum botryoides” adlanan məqalə Farmakoqnoziya kafedrasının müdiri, professor Cavanşir İsayev və doktorant Günay Cəfərova, eləcə də Rusiya (Nina Kaşenko, Daniil Olennikov və Nadejda Çirikova) alimlərinin birgə əməkdaşlığı ilə hazırlanıb. 

Tədqiqat işində Azərbaycanın daha çox Böyük Qafqaz dağları ərazisində, xüsusən Xınalıq və Qrız kəndləri ətrafında yayılmış ilanbaşı cinsinə aid iki yabanı bitki növü: Fırça ilanbaşı və Avstriya ilanbaşı fitokimyəvi tədqiq olunub, eləcə də onların antioksidant fəallığı öyrənilib.

Qeyd edək ki, doktorant G.Cəfərova “Bəzi İlanbaşı (Dracocephalum L.) növlərinin farmakoqnostik öyrənilməsi”  mövzusunda dissertasiya işi üzərində çalışır. Məhz dərc olunan məqalə də doktorantın yerinə yetirdiyi elmi işlə bağlıdır. Azərbaycanda rast gəlinən 4 ilanbaşı növündən ikisi: Avstriya ilanbaşı və Fırça ilanbaşı növləri geniş yayıldığından və onların kifayət qədər xammal bazası olduğundan həmin bitkilərə aid fitokimyəvi tədqiqatlar aparılıb. Tədqiq edilən bitkilərdən alınan fərdi maddələrin müasir fiziki-kimyəvi üsullarla: HPLC-DAD-ESI-QQQ-MS identifikasiyası Rusiyada həyata keçirilib. Hal-hazırda fitokimyəvi tədqiqatlar üçün vacib olan sadalanan avadanlıq və cihazların, müvafiq standartların ölkəmizdə olmamasına baxmayaraq, azərbaycanlı alimlərin rusiyalı həmkarları ilə birgə fəaliyyəti sayəsində elmi tədqiqatı müasir səviyyədə yerinə yetirmək mümkün olub. Nəticədə Dracocephalum austriacumDracocephalum botryoides bitkilərindən flavonoidlər, liqnanlar və polisaxaridlərə aid təbii birləşmələr alınıb, eləcə də bəzi ekstraktların antioksidant fəallığı öyrənilib. Yerinə yetirilən tədqiqatların nəticəsi olaraq gələcəkdə alınan bioloji fəal birləşmələr əsasında effektiv fitovasitələrin hazılanması nəzərdə tutulub. 

Elmi məqalə ilə aşağıdaki linkdən istifadə etməklə tanış olmaq olar:

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC9413935/

https://www.researchgate.net/publication/362705410