Ümumdünya Ürək Günü ilə əlaqədar pulsuz müayinə aksiyası keçirilib

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,  İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı ilə bu gün Ümumdünya Ürək Gününə həsr olunmuş humanitar aksiya keçirilib.

Aksiyada ATU-nun Tədris Terapevtik Klinikasının həkim briqadası da iştirak edib. Qış parkında keçirilən aksiyada iştirakçılar Tədris Terapevtik Klinikasının Təcili tibbi yardım maşınlarında pulsuz ilkin müayinələrdən (boy, çəki, təzyiq və nəbzin ölçülməsi, EXO müayinə) keçiblər.  

ATU-nun Tədris Terapevtik Klinikasının Təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov, şöbənin əməkdaşı həkim Zərifə Məmmədova tərəfindən müayinələr aparılıb, iştirakçılara tövsiyələr verilib. Aksiyada həmçinin “Sağlam qida” guşəsi təqdim olunub. ATU-nun Qidalanma gigiyenası kafedrasının dosenti Zöhrə İsmayılova aksiya iştirakçılarına ürək-damar xəstəliklərinin profilaktikasında sağlam qidalanmanın əhəmiyyəti, tütünçəkmə və digər zərərli vərdişlərin orqanizmə ziyanı barədə məlumat verib. Tədbirdə sağlam həyat tərzinə dair maarifləndirici materiallar paylanılıb.

Statistik məlumatlara görə, dünyada hər il 17 milyondan çox insan ürək-damar xəstəliklərinə görə dünyasını dəyişir. Bu xəstəliklər dünyada ölümün və əlilliyin əsas səbəblərindən biridir. Ürək-damar xəstəlikləri üçün əsas risk amillərinə yüksək qan təzyiqi, qanda xolesterin və şəkərin miqdarının artması, tütünçəkmə, fiziki passivlik, spirtli içkilərdən sui-istifadə, psixoloji stress, artıq çəki, piylənmə və qeyri-sağlam qidalanma aiddir.

Qeyd edək ki, “Marsol” MMC və Özsüt” restoranlar şəbəkəsi tərəfindən də dəstəklənən bu aksiyanın məqsədi ürək-damar xəstəliklərindən qorunmaq üçün əhali arasında geniş təbliğat və maarifləndirmə işləri aparılmasıdır.