“Təhsildə davamlı keyfiyyət təminatı” beynəlxalq konfransı

Sentyabrın 29-da Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Təhsildə davamlı keyfiyyət təminatı" adlı  beynəlxalq konfransın açılış mərasimi baş tutub.
 
Konfransın əsas məqsədi təhsildə keyfiyyət təminatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ümumi və ali təhsil pillələrində daxili və xarici keyfiyyət təminatı siyasəti eləcə də mexanizmlərinin təkmilləşdirilməsi, bu iki təhsil pillələri arasında keyfiyyət təminatı sahəsində əlaqələrin qurulmasından ibarətdir.
 
Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova Agentlik tərəfindən keyfiyyət təminatı istiqamətində görülən işlər, əldə edilən nəticələr və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
 
Əsas məruzəçilərdən olan elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Azərbaycan təhsil məkanında Boloniya prosesi çərçivəsində həyata keçirilən islahatlar ali təhsilin keyfiyyətinin artırılmasında öz töhfəsini verib. Bununla yanaşı, nazir qarşıda duran hədəflərdən biri olan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təmin olunması üzrə Avropa Standartları və Təlimatlarına (ESG) uyğun olaraq təhsil pillələri üzrə davamlı keyfiyyətin təmin olunması məsələsinin vacibliyini vurğulayıb. Nazir tərəfindən ümumi və ali təhsil pillələri üzrə keyfiyyətin davamlı keçidinin təmin olunmasının təhsil idarəçiləri qarşısında duran xüsusi önəm kəsb edən digər məsələlərdən biri olduğu da toxunulan məqamlardan olub.
 
İki gün davam edəcək konfransın ilk günündə panel müzakirələr zamanı keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq təşkilatlarından olan Niderland Krallığının Təhsil üzrə İnspeksiya İdarəsinin Ali Təhsil Departamentinin direktoru Hendrik Martijnse, Ali təhsil üzrə beynəlxalq ekspert, 2009-2013-cü illərdə Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyasının (ENQA)  prezidenti olmuş Achim Hopbach, Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse-prezidenti Olgun Çiçek, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ümumi və ali təhsil pillələri arasında keyfiyyət təminatının davamlılığının təmin edilməsi barədə müzakirələr aparıblar. 
 
Həmçinin təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə və təcrübə mübadiləsində əməkdaşlıq məsələlərinə də toxunulub və tədbir iştirakçılarının sualları cavablandırılıb.
 
Konfransın ikinci günü isə ali və ümumi təhsil müəssisələrinin nümayəndələri  üçün beynəlxalq ekspertlər tərəfindən praktik təlimlər keçiriləcək.