Azərbaycan Tibb Universitetində (ATU) Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyevin sədrliyi ilə iclas keçirilib. İclasda ölkəmizdəki ictimai-siyasi vəziyyət, universitetin daxili həyatı, eləcə də yeni tədris ilindən həyata keçirilən yeniliklər haqda müzakirələr aparılıb.
Yeni Azərbaycan Partiyasının ATU üzrə ərazi təşkilatının sədri, professor S.Əliyev gələn il YAP-ın yaradılmasının 30 illiyinin tamam olduğunu, bu münasibətlə universitetdə müxtəlif tədbirlər planlaşdırıldığını görüş iştirakçılarının nəzərinə çatdırıb. Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncamının ulu öndərin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərinin və siyasi irsinin daha dərindən araşdırılması və təbliği istiqamətində yeni imkanlar açdığı vurğulanıb. Qeyd olunub ki, ümummilli lider istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən öz xalqına, onun milli-mənəvi dəyərlərinə, dövlətçilik məfkurəsinə daim sadiq olub. Böyük intellektə, geniş dünyagörüşünə, qeyri-adi rəhbərlik qabiliyyətinə malik Heydər Əliyevin imza atdığı bütün qərarlar Azərbaycanın gələcək sosial-iqtisadi, mədəni və mənəvi tərəqqisinin təmin edilməsinə, dövlətimizin dünya birliyində layiqli yer tutmasına hesablanıb.
Qeyd edək ki, görüşdə prorektorlar, fakültə dekanları, sktruktur bölmələrin rəhbərləri iştirak edirdi.