Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalovun rəhbərliyi ilə növbəti əməliyyat baş tutub.
F.Camalovun verdiyi açıqlamaya görə, TCK-ya qarınaltı nahiyədə olan ağrılarla əlaqədar müraciət edən 28 yaşlı xanım xəstə həkim-mütəxəssislər tərəfindən hərtərəfli müayinə edilib. Müayinə zamanı sağ yumurtalıq yatağında xoşxassəli törəmənin olduğu bəlli olub. Bu səbəbdən biopsiya aparılıb. Xərçəng aşkarlanmadığı üçün müayinənin etibarlılığına əmin olmaq üçün onkomarkerlər vasitəsi ilə də yoxlama həyata keçirilib. Müayinənin nəticələri bir daha təsdiq olunduqdan sonra xəstə üzərində əməliyyat aparılmasına qərar verilib. Əməliyyat həkim briqadası tərəfindən uğurla həyata keçirilib və laparoskopiya yolu ilə törəmə qarın nahiyəsindən xaric edilib.
Professor, xəstənin özünü yaxşı hiss etdiyini və əməliyyatdan qısa müddət sonra evə buraxıldığını bildirib.