Oktyabrın 5-dən 9-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi keçirilib. Azərbaycan Tibb Universiteti ilk dəfə sərgi-yarmarkada iştirak edib.
"Şuşa ili"nə həsr edilən sərgidə 15-dən çox ölkədən 60-dan artıq xarici təşkilat, 118 yerli nəşriyyat-poliqrafiya, universitetlər və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunub.
Sərginin ilk günündən ziyarətçilər, o cümlədən xarici vətəndaşlar universitetimizin stendinə böyük maraq göstərib. Xüsusilə Turkiyə vətəndaşları ATU-ya qəbul qaydaları ilə yaxından maraqlanıb. Mədəniyyət naziri Anar Kərimov da universitetimizin stendini ziyarət edərək, fikirlərini səsləndirib.
Qeyd edək ki, ATU-da tədris dillərinə uyğun olaraq, sərgidə 3 dildə dərslik, monoqrafiya, müxtəlif nəşrlər təqdim olunub. O cümlədən ziyarətçilər hicri-qəməri tarixi ilə 1316-1317-ci ilə aid olan nadir nüsxə daş basma kitabımızla tanış ola biliblər.