Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli Qazaxıstanın paytaxtı Almatıda təhsilin keyfiyyətinin təmin edilməsi üzrə VI Mərkəzi Asiya Beynəlxalq Forumunda iştirak edib. “Qlobal təhsil məkanında transmilli qarşılıqlı fəaliyyət” mövzusuna həsr edilmiş tədbirə Hollandiya, Hindistan, Türkiyə, Latviya, Moldova və digər dövlətlərdən universiteti rəhbərləri, təhsil ekspertləri də qatılıblar.
Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli forumda “Tibb təhsilində tədrisin keyfiyyətinin artmasında rəqəmsal texnologiyaların rolu” mövzusunda çıxış edib. O, ATU-da son illər aparılan islahatlar, tədris proqramındakı yeniliklər, pandemiya dönəmində uğurla tətbiq edilən rəqəmsal texnologiyalar barəsində iştirakçılara ətraflı məlumat verib.
Forumda “Qlobal reallığın təhsilin inkişafına təsiri”, “Universitet memarlığı: Yeni modellər və imkanlar”, “Tələbə yönlü yanaşma: idarəetmə və mədəniyyət”, “Reytinq - akademik liderliyə gedən yol” mövzusunda panel sessiyalar baş tutub. Beynəlxalq təşkilatlar və agentliklərlə əməkdaşlığın genişləndirilməsi, keyfiyyət mədəniyyətinin yüksəldilməsi və akademik ictimaiyyətlə əmək bazarı arasında konstruktiv əlaqənin yaradılması istiqamətində müzakirələr aparılıb.
Forumun sonunda isə bəzi universitetlərə Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR - Independent Agency For Accreditation and Ratıng) akkreditasiyasın dair sertifikatlar təqdim olunub. Eqyd edək ki, Dünya Tibb Təhsili Federasiyası tərəfindən 2017-ci ildən etibarən rəsmi şəkildə tanınan IAAR təşkilatı indiyədək 12 ölkədən 125 ali təhsil müəssisəsini akkreditasiyadan keçirib ki, bu siyahıya Azərbaycandan yeganə olaraq ATU daxildir.
Qeyd edək ki, Almatıda keçirilən beynəlxalq tədbirə qatılan nümayəndə heyətində ATU-nun ümumi işlər üzrə prorektoru Nizami Adilov və rektorun müşaviri İlqar Mehrabov da təmsil olunublar.