Oktyabrın 8-9-da Bakıda Azərbaycan Kardiologiya Cəmiyyəti və İnvaziv İşçi qrupunun hər il təşkil etdiyi Azərbaycan İnvaziv Kardiologiya Konqresi keçirilib.
Sayca IV olan konqres çərçivəsində pandemiyadan sonrakı dövrdə bölgələrdə həkimlərin inkişafına dəstək məqsədilə regional tədbirlər təşkil edilib. Şirvan, Şəki, Lənkəran, Gəncə, Qəbələ və Naxçıvanda təşkil olunan bu konfranslarda 100-dən çox həkim iştirak edib və faydalanıb.
“A-dan Z-yə aorta”, “Ürək çatışmazlığı”, “Diabet və ürək”, “Hamilələrdə ürək xəstəlikləri” mövzularında təşkil edilən konfranslardan fərqli ixtisas sahibləri elmi cəhətdən bəhrələniblər.
Bu il 7 ölkədən (Azərbaycan, Türkiyə, Qırğızıstan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, İran və Danimarka) elm adamlarının qatıldığı konqresdə 350-dən çox azərbaycanlı həkim, o cümlədən ATU-nun invaziv kardioloqları və kardiologiya rezidentləri iştirak ediblər. Konqres çərçivəsində 8 canlı əməliyyat icra olunub. Tədris Cərrahiyyə Klinikasının İnvaziv kardiologiya şöbəsinin müdiri, dosent Qalib İmanov canlı bağlantı ilə konfrans zalına qoşularaq uğurlu əməliyyat həyata keçirib.