Oktyabrın 10-da ATU-nun I Müalicə-profilaktika fakültəsinin genişləndirilmiş ümumi iclasında universitetin Böyük Elmi Şurasına və Fakültə Elmi Şurasına seçkilər keçirilib.
İclasda giriş nitqi söyləyən ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev tədris prosesində nizam-intizama riayət etməyin vacibliyinə toxunub. Prorektor qeyd edib ki, bu tədris ilindən etibarən Elm və Təhsil Nazirliyinin təlimatına əsasən universitetdə yeni qaydalar tətbiq olunacaq. Onun sözlərinə görə, bu il qəbul olunan xarici tələbələrin say çoxluğunu nəzərə alaraq, ingilisdilli bölmələrə və ingiliscə dərs deyən müəllimlərə tələbat da artıb. Bu nöqteyi-nəzərdən hər kafedrada bir neçə müəllimin ingilis dili hazırlığına xüsusi fikir verilməlidir. Professor S.Əliyev onu da bildirib ki, klinik kafedraların bəzi müəllimlərinin özəl klinikalara getməsi haqqında məlumatlar var. Belə müəllimlər barəsində müvafiq tədbirlər görüləcək. Eləcə də yeni qaydalara görə bəzi kafedralarda birləşmələr və ixtisarlar olsa da, universitet rəhbərliyi imkan daxilində təcrübəli müəllim heyətini saxlamağa çalışıb”.
Sözünə davam edən prorektor yeni tədris ilində tədris-metodik, elmi-tədqiqat işləri və eləcə də universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında da toplantı iştirakçılarına geniş məlumat verib. O bildirib ki, kafedra müdirləri və eləcə də universitetin hər bir əməkdaşı müasir dövrün tələblərinə uyğunlaşmalı və üzərinə düşən vəzifəni lazımınca yerinə yetirməlidir.
Toplantıda çıxış edən universitetin elmi katibi, professor Nazim Pənahaov yeni qaydalar barədə məlumat verib və bildirib ki, artıq ATU-nun Böyük Elmi Şurasına və Fakültə Elmi Şurasına üzvlük üçün beş illik müddət sona çatıb və bu tədris ilində yeni tərkib müəyyənləşməlidir. Buna görə də fakültələrin ümumi yığıncaqlarında hər iki şuranın üzvlüyünə seçkilər başlayıb.
Bundan sonra hər iki şuraya gizli səsvermə keçirilib. Toplantı iştirakçıları tərəfindən yaradılan hesablama komissiyası səsvermənin nəticələrini elan edib. Məlum olub ki, 18 kafedranı özündə birləşdirən I Müalicə-profilaktika fakültəsindən 12 nəfər ATU-nun Böyük Elmi Şurasının, 41 nəfər isə Fakültə Elmi Şurasının tərkibinə seçilib.