Türkiyəli professor ATU-da seminar keçirib
Oktyabrın 11-də Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası kafedrasında seminar keçirilib. Kafedranın müdiri, professor Tahir Süleymanov Türkiyə Atatürk Universitetinin Tibb fakültəsinin Tibbi farmakologiya kafedrasının professoru Abdulmecit Albayrakın maraqlı təqdimatla çıxış edəcəyini iştirakçıların diqqətinə çatdırıb.
Tədbirin məramı barədə ətraflı məlumat verən professor T.Süleymanov türkiyəli qonağın seminar iştirakçılarına yeni dərman preparatlarının yaradılması istiqamətlərində aparılan tədqiqat işlərindən, onların heyvan üzərində müxtəlif farmakoloji təsirlərinin öyrənilməsində əldə olunan nəticələrdən söhbət açacağını bildirib: “Professor A.Albayrakla 5 ildir ki, əməkdaşlıq edirik. Onun çalışdığı Atatürk Universiteti ilə Tibb Universitetinin sıx əməkdaşlığı mövcuddur. Hörmətli professor, təqdim etdiyimiz bioloji fəal maddələrin mədə-bağırsaq, ürək-damar, antimikrob, iltihab əleyhinə təsirlərinin öyrənilməsində bizə yaxından kömək edir. İşlərimizin nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu, Türkiyənin TÜBİTAK qurumunun təşkil etdiyi qrant layihələrində birgə iştirak etmişik. Hazırda yerinə yetirilmə mərhələsindədir”.
Professor A.Bayraktar iştirakçlara Tibbi farmakologiya kafedrasının apardığı işlər və son illər əldə etdiyi elmi nailiyyətlərdən danışıb. O cümlədən mədə-bağırsaq xəstəliklərində istifadə olunan qrup maddələrin farmakoloji təsir xüsusiyyətləri, eləcə də kardiovaskulyar sistemə təsir göstərən maddələrin farmakoloji tədqiqatlarının nəticələrindən söhbət açıb. Onun çıxışı Əczaçılıq fakültəsinin ixtisas kafedralarında çalışan professor-müəllim heyəti tərəfindən maraqla qarşılanıb və aparılan tədqiqat işləri yüksək qiymətləndirilib.
Sonda təqdimatla bağlı müzakirələr aparılıb, suallara ətraflı cavab verilib.