Bu günlərdə AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Əlişir Musayev və ATU-nun Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyevin birgə müəllifliyi ilə “Ümumi fizioterapiya” kitabı işıq üzü görüb. Kitabın rəyçiləri adıçəkilən kafedranın professoru N.Hüseynov və Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işlər üzrə direktor müavini, professor S.Hüseynovadır.
Tibb Universitetinin tələbələri üçün ümumi fizioterapiyanın proqramına uyğun olaraq yazılmış bu kitab Azərbaycan dilində ilk orijinal dərslikdir. Kitabda fizioterapiya barəsində müasir təsəvvürlər, fiziki amillərin təsir mexanizmi, onların istifadəsinə əsas göstəriş və əks göstərişlər, müalicə aparatları, müalicənin verilmə texnikası barədə məlumatlar öz əksini tapıb. Dərslikdə müalicə-profilaktika və sanator-kurort müəssisələrində fizioterapevtik yardımın təşkil olunması, xəstələrin həmin müəssisələrə seçilib göndərilməsi haqqında məlumatlar da verilib. Həmçinin əvvəlki nəşrə müəyyən düzəlişlər edilib və yeni müalicə üsulları əlavə olunub.
Bu dərslikdən tələbələrlə yanaşı, fizioterapistlər, fizioterapiya və tibbi bərpa ixtisası üzrə təhsil alan rezidentlər, fizioterapevtik kabinetlərdə və sanator-kurort müəssisələrində çalışan fizioterapevt həkimlər də istifadə edə bilərlər.