Türk Dünyası Universitetlər Birliyi ATU ilə birgə layihə hazırlayır
16-17 oktyabr 2014-cü il tarixlərində Türkiyənin Ərzurum şəhərində Türkdilli ölkələr İş Birliyinin Konseyi daxilində (Türk Keneşi) fəaliyyət göstərən Türkdünyası Universitetlər Birliyinin Birinci Baş Assambleyası baş tutub. Atatürk universitetinin ev sahibliyi ilə keçirilən bu tədbirdə Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev iştirak edib.
Açılış mərasimində Türk Keneşi (Əməkdaşlıq Şurası) baş katibi Ramil Həsənov, Atatürk Universitetinin rektoru Pr. Dr. Hikmət Kocak, Türkiyə Cümhuriyyətinin Yüksək Öyrətim Kurulunun rəsmisi Pr. Dr. Mehmet Şişman və digər rəsmilər çıxış ediblər.
Assambleyanın ən önəmli nəticələrin biri Türkdilli Dövlətlərin Universitetlər Birliyinin nəzərdə tutulan növbəti layihələrindən birinin Azərbaycan Tibb Universitetində keçirilməsinə dair qərar olub.
Baş assambleyanın iclasında tələbə və akademik personalın mobilliyini nəzərdə tutan Orxan (Orhun) proqramının icrası ilə əlaqədar görüləcək işlər müzakirə edilib. Bu proqram Universitetlər Birliyinin fəaliyyətində əsas yerlərdən birini tutur.
Toplantıda həmçinin Universitetlər Birliyinə bağlı olaraq yaradılması qərarlaşdırılan "Tədrisin keyfiyyətinə nəzarət" qaydaları, dövlətlərarası səviyyədə fəaliyyət göstərən Türk Akademiyası ilə qurumun əlaqələrinin genişləndirilməsi məsələləri gündəmə gətirilib. Bundan əlavə, Birliyə daxil universitetlərin təmsilçilərindən ibarət "Tələbə Şurası"nın yaradılması məqsədilə nəzərdə tutulan planlar təsdiqlənib.
Türk Dünyası Universitetlər Birliyinə Azərbaycandan yalnız 3 universitet daxildir. Ümumiyyətlə, toplantıda birliyə daxil olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin 12 universitetinin rektor və rektor yardımçıları, habelə Türkiyə Cümhuriyyətinin Yüksək Öyrətim Kurulunun rəsmiləri, Azərbaycanın Türkiyədəki Böyük Elçiliyinin təhsil üzrə müşaviri iştirak ediblər.