Türkiyənin Azərbaycandakı təhsil müşaviri ATU-nun rektoru ilə görüşüb

Türkiyənin Azərbaycandakı təhsil müşaviri Ali Rza Altunel Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.

Görüşdə ATU-da təhsil prosesi haqda fikir mübadiləsi aparılıb. Qonaq universitetimizdə tələbələr üçün yaradılmış şəraitlə, o cümlədən yataqxanalarla maraqlanıb. Eləcə də Türkiyədən olan tələbələrimizlə görüşmək istədiyini bildirib, onların bəzi istəklərini dilə gətirib.

A.R.Altunelə ATU-da tələbələrin yüksək səviyyədə təhsil almaları üçün yaradılmış şərait, universitetimizin maddi-texniki bazası, eləcə də tədris klinikaları və yataqxanalar barədə ətraflı məlumat verən professor Gəray Gəraybəyli, tədris proqramlarımızın beynəlxalq akkreditasiyadan keçdiyini də nəzərə çatdırıb.

Rektor Gəray Gəraybəyli qonağı ATU-da keçiriləcək Zəfər Günü konsertinə dəvət edib.

Görüşdə ATU-nun Ümumi işlər üzrə prorektoru Nizami Adilov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov, Xarici tələbələrlə iş üzrə dekan Qorxmaz Əhmədov, Türkiyənin Azərbaycandakı təhsil müşavirinin köməkçisi Faiq Bayramov, ATU-dakı Türkiyəli Tələbələr Şurasının sədri Mehmet Tanış və türkiyəli tələblər iştirak edirdi.