Azərbaycan Tibb Universitetinin (ATU) intizam komissiyasının iclası keçirilib. İclasda ATU-nun tərbiyə işləri üzrə prorektoru, İntizam Komisiyasının sədri dosent Zülfüqar Musabəyov çıxış edərək son dövrlərdə tələbələrin ictimai yönümdə inkişafının təmin edilməsi məqsədilə reallaşdırılan layihələr barədə danışıb, Həmçinin, tələbələrin nizam-intizamının təmin olunması sahəsində aparılan işlərdən söz açıb.
Prorektor Z.Musabəyov daha sonra iclasın gündəliyi ilə iştirakçıları tanış edib. Qeyd olunub ki, ATU-nun 5-ci kurs tələbəsi qrup yoldaşı tərəfindən üzləşdiyi kobud münasibətlə bağlı fakültə rəhbərliyinə müraciət edib. Bundan başqa, tələbənin təhsil aldığ qrup üzvləri də hadisə ilə bağlı tədbir görülməsi xahişi ilə rektora ərizə ilə müraciət ediblər. Məsələ ilə əlaqədar ATU-nun Müalicə-profilaktik fakültəsinin dekanı dosent İ.Məhərrəmbəyli də hadisə ilə bağlı tərtib edilən aktı əlavə etməklə, rektora təqdimatla müraciət edib.
İntizam komissiyasının iclasında İ.Məhərrəmbəylinin təqdimatına baxılaraq məsələnin halları müzakirə olunub. Nəticədə, komissiya üzvləri universitetin daxili intizam qaydalarını kobud surətdə pozmuş tələbəyə şiddətli töhmət elan olunmasına dair qərar veriblər. Eyni zamanda, növbəti xoşagəlməz hadisənin baş verəcəyi təqdirdə, həmin tələbənin universitetdən xaric olunacağına dair xəbərdarlıq da edilib.