Prorektor Orxan İsayev: Onlar çoxsaylı xəstələrin müayinə və müalicəsində müşahidəçi qismində iştirak ediblər
Azərbaycan Tibb Universitetinin yuxarı kurs tələbələri hər il olduğu kimi, bu il də Türkiyənin nüfuzlu universitetlərində yay təcrübəsi keçiblər. ATU-nun Müalicə-profilaktika, Stomatologiya, İctimai səhiyyə və Əczaçılıq fakültələrinin 256 tələbəsi Türkiyənin 9 (Atatürk, Dokuz Eylül, Ege, Gazi, Hacettepe, İstanbul Universiteti-Cerrahpaşa, Lokman Hekim, Ondokuz Mayıs, Selçuk) universitetində olub, tibbi bilik və bacarıqlarını zənginləşdirib, xoş təəssüratlarla vətənə dönüblər.
Bu barədə məlumat verən ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev təcrübə prosesinin universitet rəhbərliyinin göstərişi ilə reallaşdığını bildirdi: “Məlum olduğu kimi, ATU ilə Türkiyənin 30-dan çox universiteti arasında ikitərəfli əməkdaşlıq memorandumu mövcuddur. İmzalanmış memorandumlar çərçivəsində tələbə-müəllim mübadiləsi, birgə elmi-tədqiqat işləri, birgə elmi tədbirlər və digər müvafiq işlər həyata keçirilir. Tələbələrimizin çoxsaylı müraciətlərini nəzərə alan universitetimizin rəhbərliyi onların Türkiyədə təcrübə keçmələri üçün qərar qəbul etdi. Ondan sonra qardaş Türkiyə universitetlərinə müraciətlər etdik və onlardan müsbət cavab aldıq. Tələbələr iki mərhələdə (iyul-avqust və avqust-sentyabr ayları) və hər biri bir ay olmaqla təcrübə keçiblər. Onlar xəstəxanalarda çoxsaylı xəstələrin müayinə və müalicəsində müşahidəçi qismində iştirak ediblər”.
Prorektor təcrübə prosesinin təşkili işində ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucovun yaxından iştirak etdiyini diqqətimizə çatdırdı və onun əməyini yüksək qiymətləndirdi.
Yay təcrübəsini Türkiyədə keçmiş tələbələrimizin də fikirlərini öyrəndik.
II Müalicə-profilaktika fakültəsinin tələbəsi Əbdülqadir Ələkbərzadə təcrübə keçdiyi universitetin rəhbərliyindən, alim və həkimlərindən razı qaldığını bildirdi: “Öncə mənə Türkiyənin ən qədim və nüfuzlu ali təhsil ocaqlarından hesab edilən İstanbul Universiteti-Cerrahpaşa Tibb fakültəsində təcrübə keçmək imkanı yaradan ATU rəhbərliyinə dərin təşəkkür edirəm. Bu il 15 avqust-13 sentyabr aralığında Cerrahpaşa Tibb fakültəsinin Daxili xəstəliklər şöbəsinin Hematologiya bölməsində təcrübə keçdim. İstər poliklinika, istər servis, istərsə də sümük iliyi köçürmə şöbəsində hematologiya sahəsinə aid xeyli yeni məlumat və təcrübə əldə etdim. Bu sahədə öyrəndiklərim, xüsusilə də biopsiya bacarığı, qan xəstəliklərindən (anemiya, hemofiliya, leykemiya, hemoqlobulinopatiyalar və s.) əziyyət çəkən xəstələrin diaqnostikası və müalicəsi məni hematoloq olmaq arzuma bir qədər də yaxınlaşdırdı. Bu yay mənim üçün çox məhsuldar keçdi, bu təcrübə bir tibb tələbəsi kimi inkişafımda mühüm rol oynadı”.
Tələbə Dilbər Rahim Əliyeva Ege Universitetinin Ortopediya və travmatologiya kafedrasında təcrübə keçib. O da razılıq edir: “Azərbaycandan iki tələbə idik. Müəllimlər bizə isti münasibət göstərdi, dərslər keçdilər, əməliyyatlarda iştirakımıza şərait yaratdılar. Ambulator və stasionar şöbədə müşahidəçi kimi iştirak edirdik. Həkimlərin davranış və xoş münasibətlərindən məmnun qaldıq. Orada keçdiyim təcrübədən bir daha əmin oldum ki, mən yaxşı ortoped-travmatoloq ola bilərəm. Bunu mənə oradakı mütəxəssislər də dedi. Bu səbəbdən bilik və bacarıqlarımı daha da artırmaq niyyətindəyəm”.
Əczaçılıq fakültəsinin tələbəsi Məryəm Abdullayeva isə bir qrup tələbə yoldaşı ilə Gazi Universitetində təcrübə keçib: “Laboratoriyalar və heyvanların saxlanma şəraiti, avadanlıqlarla yaxından tanış olduq, təcrübələr apardıq. Hesab edirəm ki, təcrübəni uğurla keçdik, bizim tibbi biliklərimizin artırılması və inkişafında bu kurs müstəsna rol oynadı. Sonda bizə sertifikat verildi. Universitetin rektoru, professor Musa Yıldız, Əczaçılıq fakültəsinin dekanı, professor İlkay Erdoğan bizimlə görüşdülər”.
Qeyd edək ki, təcrübədə iştirak etmiş tələbələrimiz öz razılıqlarını bildirməklə yanaşı, bunun davamlı olmasını arzu edirlər. Çünki peşəkar həkim olmaq üçün nəzəriyyə ilə yanaşı, dolğun təcrübənin də çox əhəmiyyətli olduğunu başa düşürlər.