Bakıda I Beynəlxalq süd vəzi xərçəngi konqresi keçirilir

 

Bu gün Bakıda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Süd Vəzi Xəstəlikləri Assosiasiyasının (ASVXA) təşkilatçılığı ilə I Beynəlxalq süd vəzi xərçəngi konqresi işə başlayıb.

 

Tədbirin əvvəlində Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli konqresin əhəmiyyətindən söz açaraq süd vəzi xərçənginin çox ciddi ictimai problem olduğunu bildirib. Onun sözlərinə görə,  dünya ölkələri üzrə statistika da bunu təsdiqləyir: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il bir milyondan çox yeni xəstəyə süd vəzi xərçəngi diaqnozu qoyulur. Bu patologiya xəstəlikdən ölüm hallarının təxminən 50 faizini təşkil edir. Son 20 ildə diaqnostika və müalicəsində əldə edilən inkişafa baxmayaraq, süd vəzi xərçəngi və ağırlaşmalarından vəfat edən xəstə sayı hələ də az deyil”.

 

Xəstəliklə bağlı cəmiyyətdə kifayət qədər bilgi olmadığını vurğulayan rektor G.Gəraybəyli qeyd edib ki, Azərbaycan Tibb Universitetində və klinikalarında süd vəzi xərçəngi ilə bağlı maarifləndirmə işlərinə xüsusi diqqət verilir. Hər il bu ali təhsil ocağında süd vəzi xərçəngi ilə bağlı müxtəlif aksiyalar, konfrans və seminarlar, kütləvi tədbirlər keçirilir. Xüsusilə oktyabr ayında ATU-nun professor-müəllim heyəti, klinikalarımızın həkimləri kütləvi informasiya vasitələrində, televiziya və radio kanallarda çıxış edərək maarifləndirmə aksiyasında aktiv iştirak edirlər. Çıxışının sonunda ATU-nun rektoru professor Gəray Gəraybəyli konqresin işinə uğurlar arzulayıb və bu tədbirin universitetlər arasında əlaqələrin genişlənməsinə öz töhfəsini verəcəyindən əminliyini bildirib.

 

Səhiyyə nazirinin müavini professor İlqar Qasımov zəngin proqramı olan beynəlxalq konqresin aktual problemə həsr olunduğunu qeyd edib. Dünyada hər 8 qadından birinin bu xəstəliklə üzləşdiyini bildirən professor İ.Qasımov ölkəmizdə onkoloji xəstəliklərin diaqnostikası, müayinə və müalicəsi üzrə aparılan işlər haqqında danışıb. Səhiyyə nazirinin müavini İlqar Qasımov bu xəstəliyin müalicəsində erkən diaqnostikanın çox önəmli olduğunu vurğulayaraq bu baxımdan maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

 

ATU-nun Onkologiya kafedrasının müdiri, universitetin Onkoloji Klinikasının direktoru, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bu konqresi bütövlükdə Azərbaycan səhiyyə ictimaiyyəti üçün son dərəcə önəmli bir hadisə kimi qiymətləndirib. Qeyd edib ki, dünya üzrə onkoloqların səylərinə baxmayaraq, süd vəzi xərçənginə yoluxma və ölüm göstəriciləri ilbəil artır: “Ölüm göstəriciləri mütəxəssisləri qane etmir. Lakin bir məqamı qeyd etmək istərdim ki, ötən əsrin sonlarına nisbətdə indi ölüm göstəricilərini stabilləşdirmək və 35-40 faizə qədər azaltmaq mümkün olub. Bu da göstərilən sahədə olan ciddi innovativ işlərin, elmi tədqiqatların nəticəsidir”.

 

Beynəlxalq Süd Vəzi Xərçəngi Xəstəlikləri Çalışma Qrupu (Breats Health Working Group International - BHWGI) sədri professor Atilla Soran bu ttibb oplantının tib elminin inkişaf potensialını və ölkələrin xüsusiyyətlərini nəzərə almaqla gləcək üçün ən optimal və uyğun əhllər tapaq, ölkələrdə elmi tədqiqatların genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, konqresdə dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar aktual məsələləri müzakirə edərək onkoloji xidmətin təkmilləşdirilməsi, tibbi qayğının keyfiyyətinin yaxşılaşdırılmasına yönələn əməkdaşlıq layihələrinin başlanğıcını qoyacaqlar.

 

ATU-nun Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva konqresin əsas məqsədinin müasir sivilizasiyanın ən qorxunc xəstəliklərindən biri olan xərçəng haqqında məlumatlılığın artırılması, diqqəti bu xəstəliyin qarşısının alınması, aşkar edilməsi və müalicəsinə yönəltməkdən ibarət olduğunu bildirib. Həmçinin, ölkələr arasında əməkdaşlığı gücləndirmək, onkoloji yardımda ən müasir diaqnostik və terapevtik prosedurların tətbiqini təşviq etməyin də əsas məqsədlər sırasında olduğunu bildirib.

 

 Qeyd edək ki, Beynəlxalq Süd Vəzi Xərçəngi Xəstəlikləri Çalışma Qrupu (BHWGI) ilə birgə keçirilən I Beynəlxalq süd vəzi xərçəngi konqresindən 200-ə yaxın mütəxəssis iştirak edir. Konqres iki gün davam edəcək. Tədbir çərçivəsində Azərbaycan Süd Vəzi Xəstəlikləri Assosiasiyasının geniş toplantısının keçiriləcəyi, yeni elmi araşdırmalara təkan verəcək elmi jurnalın təsis olunması planlaşdırılır.