Azərbaycan Tibb Universitetində tibb xidməti leytenantı, şəhid Adil Əfəndiyevin anım mərasimi keçirilib

Nə qədər ki müstəqil Azərbaycan var, onlar xatirələrdə əbədi yaşayacaq

 

Azərbaycan Tibb Universitetində Milli Kino Mərkəzinin, “Qazax” Xeyriyyə İctimai Birliyinin və ATU-nun birgə təşkilatçılığı ilə tibb xidməti leytenantı, şəhid Adil Əfəndiyevin anım mərasimi keçirilib. Mərasim Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb.

Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra Milli Kino Mərkəzinin rəhbəri Kəmalə Musayeva çıxış edib. Adil Əfəndiyevin keçdiyi həyat və döyüş yolundan danışıb, onun Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə çoxsaylı yaralılara yardım etdiyi və təxliyəsi ilə məşğul olduğunu bildirib. K.Musayeva qeyd edib ki, A.Əfəndiyev Tuğ kəndi istiqamətində gedən döyüşlərdə yaralanan  komandiri, polkovnik-leytenant Anar Əliyevi döyüş zonasından çıxararkən qəhrəmancasına şəhid olub.

“Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov çıxışında Qazax və Ağstafa şəhid ailələrini həmişə diqqət mərkəzində saxladıqlarını bildirib, şəhidlərin çoxsaylı anım tədbirləri keçirdiklərini nəzərə çatdırıb: “Vətən uğrunda şəhid olanlardan biri də Qazaxda dünyaya göz açmış Adil Əfəndiyevdir ki, onun da xatirəsini digər şəhidlər kimi yad edirik. Mənim həmişə xaricdə yaşayan soydaşlarımızla əlaqəm olur. Onlarla söhbət edəndə deyirlər ki, müharibədən öncə yaşadıqları ölkədə bizə ərazisi işğal olunmuş xalq kimi baxıblar. Amma iki ildir ki, Adil Əfəndiyevin timsalında şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçılarımız bizə qürur yaşadır. Xalqımız torpaqlarımızı erməni işğalçılarından azad edən qəhrəmanlarımızı heç vaxt unutmayacaq”.

ATU-nun Hərbi tibb fakültəsinin kafedra müdiri, tibb xidməti polkovnik-leytenantı, A.Əfəndiyevin müəllimi olmuş Şahin Süleymanov qəhrəman məzunumuzun universitetdə təhsil aldığı müddətdə əla qiymətlərlə oxuduğunu, nizam-intizamlı olduğunu, xidmət etdiyi hərbi hissədə nümunəvi hərbi həkim kimi Vətən qarşısında vicdanla xidmət göstərdiyini bildirib: “Universitet rəhbərliyi həmişə şəhidlərimizin xatirəsinə ehtiramla yanaşır, onların ailə üzvləri ilə daim əlaqə saxlayır. Adil Əfəndiyevin xatirəsi də hər birimiz üçün əzizdir. Hərbi tibb fakültəsinin mühazirə zallarından birinə şəhidimizin adı verilib. Rektor, professor Gəray Gəraybəylinin göstərişi ilə universitetin ərazisində şəhid olan məzunlarımızın xatirəsinə abidə inşa edilib. Əksər rəsmi tədbirlərimiz həmin abidənin önündən başlayır”.

Tədbir zamanı Milli İncəsənət Gimnaziyasının şagirdləri şəhidlə bağlı kompozisiyalar nümayiş etdiriblər. Onların ifası alqışlarla qarşılanıb.

Çıxış edənlərdən İsmayıl Novruz, Humay Musayeva, Nazlı Yazar, Həlimət Sultanova, şəhidin tələbə yoldaşları A.Əfəndiyevin və digər şəhidlərimizin qəhrəmanlıqlarından söhbət açıb, şeirlər səsləndiriblər.

Şəhidin anası Afət Əhmədova tədbirin təşkilatçılarına, o cümlədən ATU-nun rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirib. Adilin savadlı, sakit, diqqətcil, mehriban bir övlad olduğunu qeyd edib: “Mən bir ana kimi Adillə istər sağlığında, istərsə də şəhid olandan sonra həmişə fəxr etmişəm. O, 30 il işğal altında olan torpaqlarımızın azad edilməsinin iştirakçılarından biri oldu. Şəhidlərimiz tarix yazdılar. Onlar dünya xalqları qarşısında başımızı uca etdilər. Bilirsiniz ki, Adil Xocavəndin Tuğ kəndi işğalçılardan azad edilən zaman yaralı komandirinin həyatını xilas edərkən şəhidlik zirvəsinə ucalıb. Mən Adilin şəhid olduğu yerlərdə oldum. Orada keçirdiyim hissləri ifadə etmək olduqca çətindir. Torpaqlarımıza tökülən qanlar cənnət qoxuyurdu. Cənnət Qarabağı geri qaytardılar, qayıdan torpağın qayıtmayan oğulları. Onlar Xocalı qətliamının və minlərlə günahsız soydaşımızın tökülən qanının qisasını aldılar. Nə qədər ki müstəqil Azərbaycanımız var, onlar da xatirələrdə əbədi yaşayacaq”.

Qeyd edək ki, tədbirdə ATU-nun Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyev, Tərbiyə işləri üzrə prorektor, dosent Zülfüqar Musabəyov, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov, universitetin əməkdaşları iştirak edirdilər.

Tədbir çərçivəsində şəhidlərimiz, o cümlədən Adil Əfəndiyev haqda kitablar və müxtəlif mətbu orqanlarda işıq üzü görmüş məqalələr də nümayiş olunurdu.