ATU-da Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

 

Dosent Zülfüqar Musabəyov: Azərbaycanın öz haqqı uğrunda mübarizə aparmağa qadir bir dövlət olduğunu dünyaya göstərdik

Oktyabrın 20-də Azərbaycan Tibb Universitetində "44 günlük dastan" layihəsi çərçivəsində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib. Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı, ATGTİ-nin əməkdaşı Eldar Qurbanovun aparıcılığı ilə baş tutan tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi yad edilib və dövlət himnimiz səsləndirilib.

ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov giriş nitqi ilə çıxış edib. Tədbir iştirakçılarını universitetin rektoru, professor Gəray Gəraybəylinin və öz adından salamlayan prorektor, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında qəhrəman qazilərimizlə keçirilən görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın öz haqqı uğrunda mübarizə aparmağa qadir güclü bir dövlət olduğu bütün dünyaya göstərildi. O, müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə əldə olunan şanlı qələbədə Azərbaycan Tibb Universitetinin də payının olmasından qürurla danışıb: "Bildiyiniz kimi, Tibb Universitetində hərbi həkim kadrları yetişdirilir. Hərbi həkimlik şərəfli bir peşədir. Çünki müharibədə ilk olaraq onlar öz həyatlarını risk altına ataraq yaralılara qulluq edirlər. Fəxarətlə demək istəyirəm ki, 44 günlük Vətən müharibəsində döyüş meydanında qəhrəmanlıq göstərən tibb xidməti işçilərinin böyük əksəriyyəti Azərbaycan Tibb Universitetinin məzunları olub. Bundan əlavə, Vətən müharibəsi günlərində və sonrakı müddətdə qazilərimiz ATU-nun klinikalarında müalicə alıblar. Onların öz sağlamlıqlarına qovuşması üçün həkimlərimiz böyük fədakarlıqla çalışıblar".

Universitetin rektoru, professor Gəray Gəraybəylinin bu günlərdə Tədris Cərrahiyyə Klinikasında müalicə alan qazilərimizi növbəti dəfə ziyarət etdiyini, müalicənin gedişi ilə maraqlandığını, tibbi xidmətin yüksək səviyyədə aparılması üçün tapşırıqlar verdiyini də diqqətə çatdıran prorektor, Azərbaycan Tibb Universitetində tələbələrə ayrı-ayrı fənlərin tədrisi ilə yanaşı, onlarda vətənə məhəbbət hissini daha da qüvvətləndirmək, vətənpərvərliyin məzmununu düzgün çatdırmaq üçün tədbirlər görüldüyünü, bu istiqamətdə maarifləndirmə, təbliğat işlərinin həyata keçirildiyini söyləyib.

O, çıxışının sonunda "müqəddəs bayrağımızı işğaldan azad edilmiş şəhər və kəndlərimizdə qaldıran sizsiniz" - deyərək, tələbələrimizlə görüşə gələn igid qazilərə, o cümlədən tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, hər kəsə cansağlığı, uğurlar arzulayıb.

“Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov artıq iki ildir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə vətənpərvərliyin təbliğinə dair birgə kütləvi tədbirlər hazırladıqlarına diqqət çəkib. Onun sözlərinə görə, ötən il 10 ali təhsil müəssisəsində qazilərimizlə gənclərimizin görüşləri təşkil olunub və təxminən 1500 gənci əhatə edib. Bu il isə 8 noyabr Zəfər Gününə qədər 15 ali təhsil və orta ixtisas məktəbində tələbə-gənclərimizin qazilərlə görüşlərinin təşkili nəzərdə tutulub: "Məqsəd odur ki, qəhrəman qazilərimizi gənclərə daha yaxından tanıdaq. Belə görüşlərin təşkili üçün növbəti təşəbbüsləri gənclərimizin özlərindən gözləyirik. Müharibə vaxtı həyəcanla cəbhədən xəbərlər gözlədiyimiz günlərdə bu qardaşlarımız, şəhadətə qovuşan şəhidlərimiz oba-oba, kənd-kənd həsrətində olduğumuz torpaqları işğaldan azad edirdilər. Ona görə də qürur yerimiz olan şəhidlərimizi və qazilərimizi heç zaman unutmamalıyıq".

Tədbirdə ATGTİ-nin əməkdaşı, “ON1000” proqramının rəhbəri Rüfət Rüstəmov və ATU-nun tələbəsi Lamiyə Yusifova da çıxış edərək, Azərbaycan xalqının 2020-ci ilin 27 sentyabr səhərini Ali Baş Komandan İlham Əliyevin müraciəti ilə açdığını xatırladıblar. Bildirilib ki, bu çıxış Qarabağa gedən 44 günlük yolun başlanğıcı idi. Çıxışlarda xalqımıza döyüş meydanında tökülən qanlar hesabına qələbə sevinci yaşadan şəhidlərimizin ruhuna böyük sayğı, qazilərimizə sonsuz məhəbbət ifadə olunub.

Bundan sonra 44 günlük Vətən müharibəsindən döyüş kadrlarını, xalqımızın qələbə ovqatını özündə əks etdirən videoçarx nümayiş etdirilib və söz görüşün qəhrəmanlarına verilib. Vətən müharibəsi qazisi Əhliyət Mehdiyev şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, bu gün səngərdə düşmənlə üz-üzə, göz-gözə dayanan qəhrəman əsgər və zabitlərimizə cansağlığı diləyərək, I Qarabağ müharibəsində rəşadətlə döyüşən igid oğullarımızın adlarını da ehtiramla çəkib, qəhrəmanlığın irsən keçdiyini deyib. II Qarabağ müharibəsinin başlanğıcında məşhurlaşan “90-cı illərdə işğal olunmuş torpaqlarımızdan qundaqda çıxan körpələrimiz Qarabağa əllərində avtomat, tank üstündə qayıtdılar” deyimini də qürurla yada salıb. Eyni zamanda bu görüşdə iştirak edən qəhrəman qazilərimiz Aslan Cəfərov, Cavid Həsənov, İlqar Nurməmmədov və Şəmsəddin Qurbanovun şərəfli döyüş yolundan söhbət açıb.

Tələbə auditoriyasında çıxış edən qazilərimiz onların çoxsaylı suallarını da cavablandıraraq, acılı-şirinli xatirələrini, ən çox yadlarında qalan döyüş epizodlarının təəssüratlarını bölüşüblər.