Türkiyənin Azərbaycandakı təhsil müşaviri Ali Rza Altunel ilə görüş keçirilib
Oktyabrın 21-də Azərbaycan Tibb Universitetində Türkiyənin Azərbaycandakı təhsil müşaviri Ali Rza Altunel ilə görüş keçirilib. Qonağı universitetin rektoru, professor Gəray Gəraybəylinin adından salamlayan ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev universitetdə təhsil alan əcnəbi tələbələr barədə məlumat verib, beynəlxalq əlaqələrimizdən söhbət açıb.
Prorektor qeyd edib ki, hazırda ATU-da dünyanın 50-yə yaxın ölkəsindən əcnəbi tələbə və rezidentlər təhsil alır. Bunların arasında say tərkibinə görə birinci yeri qardaş Türkiyədən olan tələbə və rezidentlər tutur. Pandemiyadan öncə belə görüşlərin tez-tez keçirildiyini xatırladan O.İsayev bildirib ki, bu tədbirlərin keçirilməsində məqsəd əcnəbi tələbələrin sosial problemlərini dinləmək və onları imkan daxilində aradan qaldırmağa çalışmaqdır.
Görüşdə çıxış edən Ali Rza Altunel bildirib ki, günün bütün saatlarında səfirliyə müraciət edən hər bir tələbəyə müşavirlik tərəfindən yardım göstərilir. Onların vətəndən kənarda rahat təhsil almaları və yataqxana ilə təminatı səfirliyin diqqət mərkəzindədir. Ortaya çıxan hər hansı bir problemi qısa vaxt ərzində həll etməyə çalışırlar. Müşavir daha sonra deyib ki, artıq ATU-da təhsil alan tələbələr həftənin 1, 3 və 5-ci günləri 24 saat ərzində, qalan günlər isə (bazar günü xaric) səhər saat 9-dan axşam 9-dək Əsaslı kitabxananın xidmətindən yararlana biləcəklər.
ATU-nun Tədris şöbəsinin müdiri, dosent Kamandar Yaqubov, fakültə dekanları Səid Əhmədov və Fərəh Mədətli, həmçinin Xarici tələbələrlə iş üzrə dekan Qorxmaz Əhmədovun da qatıldığı toplantıda qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Bundan başqa, tələbələri düşündürən suallar həm onlar, həm də müşavir tərəfindən cavablandırılıb.