Rektor Əhliman Əmiraslanov Türkiyənin keçmiş səhiyyə naziri ilə görüşdü
Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında universitetin rektoru, akademik Əhliman Əmiraslanovla Türkiyənin keçmiş səhiyyə naziri Recep Akdağ arasında görüş keçirilib. Görüşdə Türkiyənin Bakıdakı səfirliyinin nümayəndəsi Sibel Tuna, ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev, Tədris Cərrahiyyə Klinikasının direktoru Hacıqulu Bağırov, ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəhimə Qabulova iştirak ediblər.
Görüş zamanı ATU-nun rektoru, Milli Məclisin üzvü Əhliman Əmiraslanov universitetin fəaliyyəti, tədris proqramları, mövcud fakültə və ixtisaslar, tələbə və rezidentlərin uğurları haqqında məlumat verib. ATU-nun Azərbaycanda yeganə tibb təhsili müəssisəsi olduğunu bildirən Ə.Əmiraslanov hər il universitetə 1000-ə yaxın tələbənin qəbul olduğunu qonaqların diqqətinə çatdırıb. Onun sözlərinə görə, hazırda universitetin 7000-dən çox tələbəsi arasında 18 ölkənin vətəndaşları da var ki, bunların da böyük əksəriyyəti qardaş Türkiyədəndir. Akademik Ə.Əmiraslanov həmçinin ATU-nun nəzdində yaradılan, son texnoloji tibbi avadanlıqlarla təchiz edilmiş klinikalar haqqında da qonaqlara ətraflı məlumat vermişdir.
Rektor ATU-da mövcud rezidentura üzrə təhsil sistemindən danışaraq, rezidentlərin bir çox xarici ölkələrdə, o cümlədən Türkiyədə də təcrübə keçdiklərini bildirib. Akademik Əhliman Əmiraslanov bu sahədə qonşu dövlətlə əməkdaşlıq imkanlarını genişləndirmək niyyətində olduqlarını da açıqlayıb.
Dəvətə görə təşəkkürünü bildirən cənab Recep Akdağ ATU-nun Tədris Cərrahiyyə Klinikasının işi ilə tanış olduğunu, burada xəstələr və personal üçün yaradılan şəraitdən məmnun qaldığını söylədi. O, Tibb Universitetinin rezidentlərinin Türkiyədə təcrübə keçməsi sahəsində əməkdaşlıq etməyə hazır olduğunu da bildirdi. İlkin olaraq ATU rezidentlərinin Ankara şəhərindəki bəzi klinikalara göndərilməsi haqqında razılıq əldə olundu.
Daha sonra türkiyəli qonağın ATU rəhbərliyi ilə görüşündə tərəflərin gələcək əməkdaşlığının istiqamətləri barədə müzakirələr aparıldı.