Azərbaycan stomatoloqlarından ibarət nümayəndə heyəti Türk Diş Həkimləri Birliyinin 26-cı Beynəlxalq konqresində iştirak edib. Dünyanın 30-dan çox ölkəsindən mütəxəssislərin qatıldığı tədbir İstanbul Konqres Mərkəzində baş tutub.
Açılışda çıxış edən Ümumdünya Stomatoloji Federasiyasının (FDI) prezidenti İhsane Ben Yahya bildirib ki, dünyada 3,5 milyarddan çox insanı əhatə edən ağız və diş xəstəlikləri qlobal miqyasda ən çox yayılmış qeyri-infeksion xəstəlikdir: “Bu xəstəliklər daha çox aşağı və orta gəlirli ölkələrdə insanlara təsir göstərir. Buna baxmayaraq, biz gərgin iş və birgə səylərlə bu sahədə bərabərsizlikləri aradan qaldıra bilərik. Elə etməliyik ki, hər kəs əlverişli və keyfiyyətli stomatoloji xidmətdən yararlana bilsin”. O, bu ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatının Ağız və Diş Sağlamlığı üzrə Qlobal Strategiyasının 75-ci Ümumdünya Səhiyyə Assambleyasında təsdiqlənib qəbul edilməsindən məmnunluğunu bildirib.
Avropa Diş Həkimləri regional təşkilatının (ERO) sədri dr. Simona Dianiskova, Türk Diş Həkimləri Birliyinin və konqresin sədri dr. A.Tarık İşmen öz çıxışlarında bu sahədəki problemlərə toxunublar.
3 gün davam edən konqresin elmi proqramı çərçivəsində 28-i xarici mütəxəssis olmaqla 160 nəfər elm adamının çıxışları dinlənilib, 675 poster təqdimatı baş tutub. Çoxsaylı panel sessiyaları, konfrans və kurslar stomatologiyanın müxtəlif sahələrini və aktual problemlərini əhatə edib.
Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti, ATU-nun Uşaq stomatologiyası kafedrasının müdiri, professor Rəna Əliyeva konqres çərçivəsində Türkiyə ilə coğrafi, sosial, peşəkar və mədəni baxımdan qonşu olan ölkələrlə stomatologiya sahəsində fikir mübadiləsi aparmaq, elmi və iqtisadi əməkdaşlığı artırmaq məqsədilə təşkil edilən 9-cu Qonşu Ölkələr Stomatoloji Assosiasiyaları Əməkdaşlıq Platformasının toplantısında iştirak edib. Toplantının sonunda Ağız Sağlamlığının Tanınması Bəyannaməsi qəbul olunub. Bəyannamə ağız sağlamlığı ilə əlaqəli vacib funksiyaları sadalayır, eyni zamanda həm fiziki, həm də psixi sağlamlıq baxımından ağız sağlamlığının əhəmiyyətini vurğulayır.
Konqresdə iştirak edən ATU-nun Uşaq stomatologiyası kafedrasının əməkdaşları Sevinc Nağıyeva, Aytən Yusubova, Nigar Həsənli, Ortopedik stomatologiya kafedrasının əməkdaşı Gülçin Əbdüləzimova, diş həkimləri Səbinə Xəlilova, Aytac Məmmədova maraq dairələrinə uyğun olaraq bir sıra konfrans və kurslara qatılıb, stomatologiya sahəsində baş verən yeniliklərlə tanış olublar. Təxminən 5 min kv metr sahədə qurulmuş Expodental-2022 sərgisi çərçivəsində 134 şirkət 4 gün ərzində cəlbedici qiymətləri və məhsul çeşidlərinin müxtəlifliyi ilə iştirakçıların diqqətini çəkib.