Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının professoru Əhməd Kazımovun müəllifliyi ilə “Normal fiziologiyaya” dərsliyi çapdan çıxıb.
Dərslik əsasən normal fiziologiya fənninin əczaçılıq fakültəsi tələbələrinin proqramına tam uyğun olaraq, praktiki sağlam insanın fizioloji funksiyalarının öyrənilməsinə yönəldilib. Kitabda orqanizmin homeostatik səviyyədən davranış səviyyəsinədək olan sosial yönümlü və bütün funksional sistemlərinin yaranmasında iştirak edən orqan və toxumaların fiziologiyası haqqında ətraflı biliklər verilir. Bu da orqanizmdə ilkin dəyişikliklərin düzgün qiymətləndirilməsinə və vaxtında profilaktik tədbirlərin görülməsinə imkan yaradır.
Dərslik Azərbaycan Tibb Universitetinin və digər tibb məktəblərinin tələbələri üçün nəzərdə tutulub. Dərslikdən baza ali tibb təhsili əsasında rezidenturaya hazırlaşan məzunlar, fiziologiya sahəsində çalışan elmi işçilər, həkimlər və tibbi biologiya ixtisası üzrə mütəxəssislər də istifadə edə bilərlər.
“Təbib” nəşriyyatında dərc olunan, 353 səhifədən ibarət dərslik Azərbaycan Respublikası Səhiyyə və Təhsil nazirlikləri tərəfindən təsdiq edilmiş və ali tibb məktəbləri tələbələri üçün tövsiyə olunmuşdur.