Oktyabrın 28-də "AzMUN" proqramı çərçivəsində Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində yaradılmış AMUN (Azerbaijan Medical University Model United Nations) klubu ilk tədbirini keçirib.
"Çəhrayı Fərq" adlı layihə çərçivəsində sözügedən tədbiri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq edən AMUN klubu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, BMT-nin Azərbaycan nümayəndəliyi, Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən "Süd Vəzi Xərçəngi ilə Mübarizə" ayına həsr edib. Tədbirdə ATU-nun Tələbə Gənclər Təşkilatının sədri Məhəmməd Məmmədov çıxış edərək, süd vəzi xərçəngi mövzusunun aktuallığına toxunub. Xəstəlik və onunla mübarizə barədə Milli Onkologiya Mərkəzinin mütəxəssislərinin çıxış edəcəyini bildirib.
Azərbaycan Tələbə Gənclər Təşkilatının nümayəndəsi, ölkə üzrə layihənin rəhbəri Leyla Məmmədzadə süd vəzi xərçəngi xəstəliyinin insan həyatı üçün təhlükəli olmasından və layihənin əhəmiyyətindən danışıb.
AMUN klubun rəhbəri Günəş Əliyeva da mövzunun aktuallığına toxunub. Bildirib ki, layihənin əsas məqsədi əhalini, xüsusən də qadınları xərçəngin bu növü haqqında maarifləndirmək, xəstəliyin profilaktikası barədə nəlumat vermək olub: “Xəstəliyin vaxtında qarşısının alınması üçün həkim-mütəxəssislərin fikir və məsləhətləri olduqca önəmlidir. Milli Onkologiya Mərkəzinin həkim-mütəxəssislərinin iştirakı ilə tələbələrimizin panel görüşünü təşkil etmişik. Paytaxt sakinlərinin sözügedən xəstəliklə bağlı maarifləndirilməsi üçün məlumatlandırma aksiyası keçirməyi də nəzərdə tutmuşuq”.
Mərkəzin həkim-mütəxəssislərindən həkim-onkoloq Tünzalə Məmmədova, həkim-radioloq Asif Nəsirli, mammoloq-onkoloq Şövkət Əliyeva çıxış ediblər. Onlar xəstəliyin yaranma səbəbləri, profilaktikası və s. barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb. Tədbir işgüzar şəraitdə başa çatıb.