ATU-nun Prezident təqaüdçüləri uzun və ağır yolun sonundakı uğura inanırlar
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüksək nəticələrlə ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında oktyabrın 3-də Sərəncam imzalayıb. Sərəncama əsasən, bu il universitetlərə ən yüksək balla qəbul olmuş 102 nəfər Prezident təqaüdünə layiq görülüb. Onlardan 23-ü Azərbaycan Tibb Universitetinin tələbələridir.
Sənan İbrahimli ATU-ya ən yüksək – 694.1 balla daxil olub. Universitetin “Təbib” qəzetinin verdiyi məlumata görə, 2005-ci ildə Bakıda anadan olmuş Sənan Ə.Dadaşov adına tam orta məktəbi bitirib. Dediyinə görə, həkim peşəsinə maraq onda kiçik yaşlarından oyanıb: “Bu peşəni sevməyimə həm də bacılarım Rəksanə və Zəmanə İbrahimovaların həkim olmaları səbəb olub. Onlarla bir mühitdə yaşamaq, söhbətlərini dinləmək məndə həkimlik peşəsinə həvəs və marağı on qat artırıb. İstəyirəm, gələcəkdə ürək cərrahı olum, insanların ürəyindəki problemləri aradan qaldırım. Əgər bunu bacarsam, özümü dünyanın ən xoşbəxt insanı hesab edərəm”.
Esmanur Məmməd 2004-cü ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. 2010-2012-ci illərdə Qəhrəman Qəhrəmanov adına 65 saylı tam orta məktəbdə, 2012-2018-ci illərdə Rüfət Məmmədov adına 269 saylı tam orta məktəbdə, 2018-2021-ci illərdə Bərdə rayon Nəriman Nərimanov adına 3 saylı tam orta məktəbdə təhsil alıb. Uşaqlıq arzusunun ardınca gedən Esmanur ötən il 569,3 balla ATU-nun Fizioterapiya və tibbi reabilitasiya ixtisasına daxil olub: “Lakin məqsədim bu ixtisas olmadığı üçün universitetdə ərizəmi təsdiqlətmədim və yenidən hazırlaşmaq qərarı verdim. Bu il təkrar qəbul imtahanında iştirak etdim və 678,3 bal topladım. Müalicə-profilaktika fakültəsində ingilis dilində təhsil alacağam. Nəticələrim ürəyimcədir”.
Esmanurun dayısı Bayram Nuriyev həkimdir. Onun bildirdiyinə görə, həkimlik peşəsini seçməkdə dayısının da az rolu olmayıb: “Yüksək insani keyfiyyətlərə malik olan dayımla həmişə fəxr etmişəm. Hamıya dayımın həkim olduğunu böyük qürur hissi ilə deyirdim. Uşaqlıqdan həm dayımı, həm də onun həkimlik peşəsini çox sevmişəm. İkinci səbəb isə, bir dəfə evə gələndə televizorda hansısa xəstəlikdən əziyyət çəkən uşağa müalicəsi üçün pul toplanması xəbərini eşitməyim oldu. Ailəsi lazım olunan məbləğin yığılması üçün xalqa müraciət edirdi. Onların baxışlarında bir çarəsizlik sezdim. Bu mənə çox pis təsir etdi. Fikirləşdim ki, kimsə yataq xəstəsi olanda çarəsiz şəkildə bunu izləməkdənsə, həkim olub əlimdən gələni etsəm yaxşıdır”.
2005-ci ildə Saatlıda doğulmuş Aytən Namazlı 2022-ci ildə Cəbrayıl rayon 14 saylı tam orta məktəbini bitirib. Və 677.1 balla Azərbaycan Tibb Universitetinin tibb ixtisasına qəbul olunub: “Yüksək bal topladığıma görə Prezident təqaüdünə layiq görülmüşəm. Təbii ki, çox sevindirici haldır. Belə bir uğur qazanmağımda valideynlərimin maddi və mənəvi dəstəyi çox olub. Həmçinin də müəllimlərimin. Onlar daim mənə inanib və dəstək olublar. Hər birinə sonsuz təşəkkürümü bildirirəm. Əlavə olaraq qeyd etmək istərdim ki, əsas məsələ çox çalışmaq deyil, düzgün çalışmaq, zamanı düzgün bölə bilməkdir. Hazırda məqsədim yaxşı həkim olmaqdır. Xüsusilə də yaxşı cərrah olmaq istəyirəm. Bilirəm, hələ yolum uzun və çətindir. Amma inanıram ki, yaxşı çalışsam, məqsədimə nail olacağam”.
Əliəkbər Əkbərbəyov bu il Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Liseyi bitirəndən sonra ATU-nun I Müalicə-profilaktika fakültəsinə daxil olub. Ailə üzvləri həkimdir: “Onların bu sahədə nailiyyətlərini görürdüm. Nəticədə, məndə də meyl yarandı. Həkim olmağı öz istəyimlə seçmişəm. Bu şərəfli və humanist peşəyə dərindən yiyələnib xalqıma xidmət etmək niyyətindəyəm”.
Rəfiqə Hacılı isə 675,5 balla Stomatologiya fakültəsinin tələbəsi adını qazanıb. Deyir ki, əvvəllər ayrı peşənin sahibi olmaq istəyib, sonra fikrini dəyişib: “Riyaziyyatı çox sevdiyim üçün əvvəl riyaziyyat müəllimi olmaq istədim. Amma müəllim və yaxınlarımın məsləhəti ilə həkimlik peşəsi haqqında düşündüm. Qərara gəldim ki, stomatoloq olum. Hesab edirəm ki, stomatologiyanın müsbət tərəfləri çoxdur və mən bu sahədə daha çox uğur qazanacağam”.